“Barselona”nın hücumçuları Lionel Messi və Neymarın tez-tez məhkəmə qarşısına çıxması bu komandanın əfsanəvi futbolçusu Xavi Ernandesi narahat edir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi bunun planlı iş olduğunu bildirib.
17 il formasını geyindiyi Kataloniya klubunu ötən il Qətərin “Əl Sədd” komandasına dəyişən Xavi bəzi qüvvələrin “Barsa”ya mane olmağa çalışdığını iddia edib: “Komanda zəif oynayanda dopinq və məhkəmə məsələləri heç kimin vecinə deyildi. Elə ki, “Barselona” uğur qazanmağa başladı, müxtəlif yollarla maneçilik törətməyə başladılar. Mən demirəm ki, məhkəmə sistemi vicdansız hərəkət edir. Amma niyə bütün bunlar “Barsa”da vəziyyət yaxşı olanda üzə çıxır? Biz 4 il titulsuz qalanda niyə futbolçularımızı məhkəməyə çağırmırdılar?”
Qeyd edək ki, Neymar 2013-cü ildə “Santos”dan “Barselona”ya transfer edilərkən qanunsuzluqda, Messi isə 2007-2009-ci illərdə vergi ödəməkdən yayınmaqda günahlandırılır.