“Kəpəz”lə qarşılaşan və hesabda geri düşən “Qarabağ” sensasiyaya imkan vermədi və turu 3 xalla qapadı. Əsas rəqibinin xal itkisindən maksimum yararlanan Ağdam təmsilçisinin yarımmüdafiəçisi Elşən Abdullayev oyunsonrası apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin matç oldu, Belə olacağını da bilirdik. Rəqib hesabı açdı, amma vaxtında toparlanmağı və qələbə qazanmağı bacardıq. Təbii ki, “Qəbələ”nin “Zirə” ilə dueldə xal itirməsi fərqi 4 xala yüksəltməyimizə imkan verdi. Bu, ayrı sevincdi.
- Demək olarmı, çempionluq yolunda bir yox, ən azı iki addım atmış oldunuz?
- Əsas rəqibimizin xal itirməsi bizim üçün ancaq sevindirici ola bilər. Amma hələ qarşıda oyunlar var.
- “Qarabağ”a keçdikdən sonra çempionat oyununda ilk dəfə “11-lik”də yer aldınız. Özünüzü necə hiss edirdiniz?
- Zədədən sonra ilk oyunlar çətin olur. Çünki fiziki baxımdan axsamalar yaşayırsan. Artıq özümü tam hazır sayıram. Əlbəttə, baş məşqçimiz şans versə, qarşıdakı oyunlarda da meydana çıxmağa hazıram və bundan da yaxşı oynayacam.
- Amma fasilədə əvəzləndiniz. Hazıram desəniz də, baş məşqçi bu cür düşünmür…
- Bu suala baş məşqçi cavab verə bilər. Əvəzlənmişəmsə, deməli, baş məşqçinin məsləhəti belədi.
- “Neftçi”yə qarşı oyunda necə, fərqli hisslər yaşadınızmı?
- Əlbəttə, keçmiş komandama qarşı oynamaq mənə pis təsir etdi. Qələbə qazandıq, buna sevinsək də, “Neftçi”nin yarımfinalda rəqibimiz olmasını istəməzdim. Finalda oynasaydıq, daha yaxşı olardı.
- Namiq Ələsgərov “Qarabağ”dan “Neftçi”yə yollandı. Onun keçidi zamanı baş məşqçilər razılaşdılar ki, Namiq “Qarabağ”a qarşı oynamasın. Bəs sizin keçidiniz zamanı belə anlaşma əldə edilməmişdi?
- Xeyr, “Qarabağ”a azad agent kimi keçmişəm. Müqaviləm başa çatdığına görə, “Neftçi” belə bir tələb etmədi.