“Neftçi” Azərbaycan çempionatları tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Elxan Abdullayevin yetirmələri 25 illik tarixdə antirekordla özünə yer edib. Söhbət paytaxt təmsilçisinin bir mövsümdə vurduğu avtoqol sayından gedir.
Belə ki, Premyer Liqanın XXI turunun “Zirə” ilə matçında Georgi Navalovski qapıları səhv salıb. Cari mövsümdə “ağ-qaralar” üçün belə hallar adiləşib.
Çünki bu qarşılaşmayadək də “Neftçi” 3 dəfə rəqiblərini sevindirmişdi. Bakılılar buraxdığı 35 qoldan 4-nü elə özləri vurub. Navalovskiyədək Jairo Rodriges “fərqlənmişdi”. O, III turda “Qarabağ”, IV turda “Qəbələ” azarkeşlərini sevindirən qolun müəllifi olub. Braziliyalı IX turda yenidən Ağdam təmsilçisi üçün qol vurub. Navalovski komanda yoldaşının “uğurunu” 4-cü avtoqola çatdırıb.
Bu, “Neftçi”nin Azərbaycan çempionatlarında mütləq antirekordudu. Bakılılar heç vaxt bir çempionatda 4 dəfə öz qapısına qol vurmamışdı.
“Neftçi”nin göstəricisi ümumiyyətlə isə Azərbaycan çempionatlarında da antirekordun təkrarıdı. 1992-ci ildən keçirilən yarışda bir mövsümdə ən çox qapıları səhv salan komandalar da 4 dəfə xətaya yol vermişdi.
İlk belə uğursuz MOİK olub. “Hərbçilər” 2005/06 mövsümündə avtoqolları sıralayıb. Üç dəfə Natiq Qasımov, bir dəfə isə Fərid Məmmədov qapıları səhv salmışdı.
2011/12 mövsümündə Bronislav Arsenyeviç, Nuqzar Kvirtiya, Emin Ağaməmmədli və Aydın İslamov hərəyə bir avtoqol müəllifi olmaqla AZAL-ı antirekorda şərik etmişdi. Lakin “təyyarəçilər” bununla kifayətlənməyib. 2014/15 mövsümündə AZAL yenidən 4 avtoqol üzüntüsü yaşayıb. Bu dəfə Eltun Yaqublu 2, Tural Nərimanov və Laşa Kasradze hərəyə 1 dəfə qapıları səhv salıb.
Bir sözlə, ölkə çempionatları tarixində bir komandanın mövsümdə 4 avtoqol etməsinə 3 dəfə təsadüf olunmuşdu. “Neftçi” antirekordun 4-cü dəfə yaşanmasına səbəb olub. İki dəfə AZAL, bir dəfə MOİK-in yazdığı “tarix” bu dəfə “ağ-qaralar” tərəfindən təkrarlanıb.