Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-la Yunanıstanda qarşılaşacaq “Qarabağ” səfər sindromunu qırmağa çalışacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi rəqib meydanında keçirdiyi avrokubok matçlarında ciddi problem yaşayır.
Belə ki, Azərbaycan çempionu son 7 səfər matçında qələbəyə həsrət qalıb. Qurban Qurbanovun yetirmələrinin son sevinci 2015-ci il avqustun 20-nə təsadüf edib. Həmin gün “Qarabağ” İsveçrədə “Yanq Boyz”u məğlub edib.
439 gündü rəqib meydanında qələbə nə olduğunu bilməyən təmsilçimiz bu müddətdə keçirdiyi 7 oyunun 5-də uduzub. Cəmi 2 heç-heçəsi olan komandamızın top fərqi də ürəkaçan deyil. 4 top vuran “Qarabağ” 13-nü buraxıb.
Bu uğursuz seriya ötən mövsümdən start götürüb. Avropa Liqasının pley-offunda “Yanq Boyz”u yenəndən sonra ağdamlılar İngiltərədə “Tottenhem”ə 1:3, Fransada “Monako”ya 0:1, Belçikada “Anderlext”ə 1:2 hesabı ilə məğlub olub.
Bu il Çempionlar Liqasının təsnifat mərhələlərində Lüksemburq “Düdelanj”ı və Çexiya “Viktoriya”sı ilə heç-heçələrdən (müvafiq olaraq, 1:1 və 0:0) sonra yenə uğursuzluqlar davam edib. Avropa Liqasının pley-offunda İsveçdə “Höteborq”a 0:1 hesabı ilə yenilən təmsilçimiz qrupdakı ilk səfərində darmadağın yaşamışdı. Belə ki, “Fiorentina” çempionumuzu İtaliyaya yollanmağa peşman etmişdi – 5:1.
Bu isə o deməkdi ki, “Qarabağ” Avropa Liqasında ardıcıl 5 oyundu məğlubiyyətə üzülür. Əyalət klubu Salonikidəki görüşdə avrokuboklarda 7 matçlıq qələbə, 5 matçlıq yenilgisizlik həsrətinə son qoymağa çalışacaq.