Dünyanın ən güclü qadın qapıçısının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi Fransa yığması və “Lion” klubunun çərçivə qoruyucusu Sara Buaddi olub.
Qurumun internet saytında aparılan, 56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda 111 səs toplayan Buaddi bütün rəqiblərini qabaqlayıb. İlk dəfə bu uğura imza atan qolkiper 4 il ardıcıl ilin ən yaxşı qapıçısı seçilmiş Hop Solodan mükafatı təhvil alıb.
Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev də iştirak edib. O, ilk pilləni Buaddiyə verməklə yanaşı, ikinci yeri tutan qapıçı Almut Şultu (82 səs) da düzgün müəyyənləşdirib. Üçüncü pilləyə isə Xeyrullayevin səs verdiyi Desire Şumann deyil, 77 xal toplamış amerikalı Hop Solo layiq görülüb.
Qeyd edək ki, 30 yaşlı Buaddi 2009-cu ildən “Lion”un formasını geyinir. O, bu komandanın heyətində 7 dəfə Fransa çempionluğu, 5 dəfə ölkə kuboku və 3 dəfə Çempionlar Liqası kubokunu qazanıb.