Topaz Premyer Liqasının X turu çərçivəsində keçirilən AZAL - "Qarabağ" matçında xoşagəlməz hal müşahidə olunub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin azarkeşləri ilə polislər arasında münaqişə yaşanıb.
Hadisə qonaq komandanın azarkeşlərdən birinin AZAL-ın futbolçusunu təhqir etməsi ilə başlayıb. VIP tribunada olan AZAL-ın oyunçusu İlqar Ələkbərov isə bununla bağlı narazılığını bildirib. Ev sahiblərinin mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov hadisəyə müdaxilə edərək, həmin fanatın tribunadan uzaqlaşdırılması üçün polislərə göstəriş verib.
Lakin gərginlikdən sonra həmin azarkeşə xəbərdarlıq edilib və ona tribunada əyləşmək göstərişi verilib. Bundan sonra ara sakitləşib.