“İndidən hazırlıq barədə danışmaq tezdi. Amma məşqlərimizə davam edirik, çalışırıq. Əlimizdən gələni edirik ki, qarşıdakı vacib oyunlara tam hazır olaq. Bunun üçün də bizə 2-3 həftə vaxt lazımdı. Bir müddətdən sonra istədiyimiz vəziyyətə çata bilərik”. Apasport.az saytı xəbər verir ki, bu sözlər “Qarabağ”ın futbolçusu Dino Ndlovuya məxsusdu.
CAR-lı futbolçu ötən gün “Bakı” ilə yoxlama oyununda 5 qol vurub. O, həvəskarlar liqasında oynayan rəqibin tarixindən xəbərdar olduğunu deyib: “Bilirəm. Hazırda həvəskarlar liqasında çıxış etməsinə baxmayaraq, “Bakı”nın böyük klub olmasından xəbərim var. Bizə qarşı yaxşı oyun sərgilədilər. Əsasən gənc futbolçulardan təşkil olunmuş komandadı. 5 qol vurmağım barədə danışmaq istəmirəm. Əksinə, “Bakı”nın gənc heyətini göstərdikləri oyuna görə alqışlayıram”.
Dino son mövsüm yaxşı oyun sərgiləsə də, CAR millisindən kənarda qalıb. O, millidən kənarda qalmasını belə şərh edib: “Bir az qəribə sualdı. Hazırda mən Azərbaycanda oynayıram. Millimizin digər hücumçuları isə Fransa və Türkiyə kimi ölkələrdə oynayırlar. Hətta ölkə çempionatımızda da güclü hücumçular var və qollarını sıralayırlar. Sizcə, hansı baş məşqçi elə çempionatda çıxış edən hücumçunu deyil, nisbətən zəif çempionatda çıxış edən futbolçunu milliyə dəvət edər? Buna baxmayaraq, baş məşqçi ilə danışığım olub və o mənə deyib ki, indiki kimi davam etsəm, qollarımı sıralasam, milliyə çağırılmaq şansım olacaq. Azərbaycanı sevirəm, hörmət edirəm. Amma etiraf etməliyik ki, digər ölkələrlə müqayisədə bizim çempionatımız bir az zəifdi”.
Dino adı “Qarabağ”la hallanan CAR-lı futbolçu Tokelo Rantie haqda da fikir bildirib: “Bəli, Tokelo mənim dostumdu. Amma onunla “Qarabağ” haqda söhbətimiz olmayıb”. Futbolinfo