“Yaxşı futbolçulardan ibarət güclü komanda qurmağa başlamışıq. Baş məşqçimiz heyəti artıq balanslaşdırır”. Apasport.az saytının məlumatına görə, bunu Norveç yığmasının yarımmüdafiəçisi Mohamed Elyunussi deyib.
“Bazel”in gənc oyunçusu yerli mətbuata açıqlamasında DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya ilə oyunları dəyərləndirib.
Elyunussi yeni baş məşqçi Lars Laqerbekin gəlişindən sonra komandada yüksəliş olduğunu bildirib: “Bütün oyunlarda meydanda olmaq istəyirəm. Hiss edirəm ki, yığmaya indi daha çox xeyir verə bilərəm. Azərbaycan üzərində qələbə ilə heç nəyin bitmədiyini göstərmək istəyirik. Yeni zəfərlər arzusundayıq və buna Azərbaycana qarşı görüşlə start verəcəyimizə inanıram. Daha sonra üz-üzə gələcəyimiz Almaniyadan alınacaq 1 xal da bizim üçün uğur sayılar. Ancaq niyə də qələbə qazanmayaq? Axı Norveç almanlarla son səfər matçında qalib gəlib”.
Qeyd edək ki, sabah millimizi qəbul edəcək Norveç sentyabrın 4-də Almaniyanın qonağı olacaq.