“Şensoyu Azərbaycanda işlədiyi vaxtdan tanıyıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın “Pirin” klubunun futbolçusu Daniel Genov deyib.
“İnter” və “Simurq” klublarının sabiq yarımmüdafiəçisi qış transferi dövründə “Turan”ın keçmiş baş məşqçisi Naci Şensoyun çalışdırdığı “Pirin”lə anlaşıb.
Ölkəsinin mətbuatına geniş müsahibə verən Genov Azərbaycandakı karyerasını da yada salıb.
O, Şensoyu ölkəmizdə çalışdığı vaxtdan tanıdığını bildirərək, onun barəsində müsbət fikirlər səsləndirib: “Açığı, müqavilə bağlamamışdan öncə Şensoyla danışığım olmadı. Bu işlə menecerim məşğul olurdu və mənə ciddi təklif gəldiyini bildirdi. Blaqoevqrada getdikdən sonra baş məşqçi ilə danışığımız oldu. O, mənə vəziyyəti, düşündüklərini izah etdi. İlk dialoqumuzdan başa düşdü ki, mən “Pirin”ə keçdiyimə görə peşman deyiləm. Şenoy mənə dedi ki, “Pirin”də meydanı yalnız bir halda - bütün gücünü sərf etdikdən sonra tərk edə bilərsən. Əvvəl hansı klublarda oynadığım heç bir önəm kəsb etmir. Bir də açıq-aşkar dedi ki, əsas heyətdə yerin təmin olunub. Şensoyun gəlişindən sonra komandada vəziyyət müsbətə doğru dəyişib. Mən ona heyranam. Naci Şensoyla birgə işləmək imkanı əldə etdiyim üçün şadam”.
Genov Azərbaycan çempionatında oynayanda həmin vaxt “Turan”ı çalışdırmış Şensoyu yaxından izlədiyini bildirib: “Naci Şensoy 2012-ci ildə “Turan”ın baş məşqçisi olub. Elə həmin vaxt mən Bakının “İnter” klubunun üzvü idim. O vaxtdan Şensoyun öz futbolçuları ilə necə davrandığını görmüşdüm. Bir neçə dəfə onun komandasına qarşı çıxış etmişəm. Bu da Şensoy haqda fikrimin formalaşmasında mənə kömək olub. Yadımdadı, “Turan”a keçəndə komanda “Pirin” kimi aşağı mövqelərdə idi. Şensoy “Pirin”dən fərqli, həmin vaxt “Turan”ı yuxarı pillələrə qaldıra bilmədi. O, futbolçuları oyuna yaxşı kökləyir. Şensoyun emosional məşqçi olması heç kimə sirr deyil”.
Qeyd edək ki, Genov “İnter”in heyətində Azərbaycan çempionatında keçirdiyi 28 oyunda 2, “Simurq”da isə 25 matçda 1 qola imza atıb.