“Hər iki görüşdə intizamlı və aktiv olmalıyıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Çexiya yığmasının müdafiəçisi Gebre Selassie deyib.
DÇ-2018-in seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Çexiya millisi növbəti görüşlərini Almaniya və Azərbaycana qarşı keçirəcək. Oktyabrın 8-də Bundestimin qonağı olacaq çexlər 3 gün sonra millimizi qəbul edəcəklər.
Bu görüşlərlə bağlı ölkəsinin mətbuatına açıqlama verən Selassie ehtiyatlı danışıb. Təcrübəli futbolçu, xüsusilə, almanlarla matçın daha çətin keçəcəyini etiraf edib: “Məşqlərdə var gücümüzlə çalışıb, üzərimizdə işləmişik. Almaniyadan əliboş qayıtmaq istəmirik. Əgər müdafiədə etibarlı oynasaq, əks-hücumlara çıxmaq üçün yaxşı imkanımız olacaq. Azərbaycanla matçda isə hücum edən tərəf biz olacağıq”.
Qeyd edək ki, oktyabrın 11-də Ostrava şəhərində keçiriləcək Çexiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.