Dünya çempionatının pley-off mərhələsinin ilk oyununda Azərbaycan millisinə 1:5 hesabı ilə məğlub olan Hollandiya yığmasının futzalçısı El Morabitinin apasport.az saytına müsahibəsi
- Oyunun belə keçəcəyini gözləyirdinizmi?
- Görüşə pis başlamadıq. Hesabı rəqib açsa da, bərabərlik qolunu vurduq. Amma sonra iki ciddi səhvə yol verdik və hər ikisində komandanız qapımıza yol tapdı. Sonra çox çalışsaq da, oyunun axarını dəyişdirə bilmədik. Əksinə, Azərbaycan millisi növbəti qollarını vurdu. Çox çətin oldu.
- İkinci hissəyə də yaxşı başlamışdınız. Amma davamını gətirə bilmədiniz. Hansı dəyişikliklər planlarınızı pozdu?
- Dəyişən çoxlu səhvlərə yol verməyimiz oldu. Həqiqətən də ikinci hissəyə yaxşı başlamışdıq. Oyunu demək olar ki, meydanın rəqibə aid hissəsində qururduq. Lakin bəsit səhvlər qapımıza qol vurmaqla nəticələndi.
- Oyunun bu hesabla başa çatacağını gözləyirdinizmi?
- Bu hesabı gözləmirdik, heç-heçə olacağını fikirləşirdik. Ancaq oyundu, gərək diqqətli olasan. Səhvə yol verdinsə, nəticəsi bu cür olur.
- 1:5 hesablı məğlubiyyətdən sonra Bakıda baş tutacaq ikinci oyunda nəyə ümid edirsiz?
- Çox çətin olacaq. Çünki rəqibimiz çox yaxşı komandadı. Cavab oyununa qədər nə edə biləcəyimizi düşünəcəyik, məşqlərimizi intensivləşdirəcəyik. Futzaldı, hər şey ola bilər. Amma çətindi, həm də çox çətin.
- Azərbaycan millisinin heyətində kimlərin oyununu bəyəndiniz?
- 5 nömrəli oyunçunuzu (Fineonu nəzərdə tutur - red) və Borisovu fərqləndirmək istərdim. Yeri gəlmişkən, qapıçınız da yaxşı oynadı. O, bir neçə epizodda əla reaksiya nümayiş etdirdi və qol vurmağımıza imkan vermədi.