[b]“Azərbaycanla oyunda xal itirmək işimizi çətinləşdirər”[/b]
10.11.2016 - 13:41
[b]“Azərbaycanla oyunda xal itirmək işimizi çətinləşdirər”[/b]

“Azərbaycanla oyunda məqsədimiz qələbə qazanmaq olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının hücumçusu Coş Magennis deyib.

 

Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizi qəbul edəcək.

 

Ölkəsinin mətbuatına açıqlama verən Magennis yığmamızla qarşılaşmada xal itirmək niyyətlərinin olmadığını bildirib: “Azərbaycana qalib gəlsək, xallarımızı 7-yə çatdırıb, ikinci pilləyə yüksələcəyik. Bu isə o deməkdi ki, qarşıdakı 4 ay ərzində həmin yerdə qərarlaşacağıq. Öz meydanımızda xal itirmək bizim işimizi çətinləşdirər. Çünki sonrakı görüşlərimiz daha ağır olacaq. Hər halda, Norveçdə bizi asan oyun gözləməyəcək. Öz meydanımızda Almaniya ilə qarşılaşma da gərgin keçəcək. Bu mənada, Azərbaycana qalib gəlməliyik”.

 

“Çarlton”un 26 yaşlı futbolçusu öz meydanlarında keçirdikləri son oyunlardakı məğlubiyyətsizlik seriyasına da toxunub: “Biz azarkeşlərimizin qarşısında yaxşı oynadığımızı Azərbaycanla matça qədər göstərə bilmişik. Odu ki, öz meydanımızdakı uğurlu seriyanı bu görüşdə də davam etdirmək lazımdı. Hamımız bunun üçün çalışacağıq. Azarkeşlərimizin bizi sona qədər dəstəkləyəcəklərinə inanıram. Onlar 12-ci oyunçumuz olacaqlar. “Vindzor Park”da keçilməz olduğumuzu bir daha göstərməliyik”.

 

Magennis hədəflərinin qrup ikinciliyi olduğunu qeyd edib: “Açığı, qrupda heç bir komandanın Almaniyadan xal alacağını düşünmürəm. Amma ikincilik şansımız var. Dözümlü olmalıyıq”.

 

Qeyd edək ki, 2010-cu ildən Şimali İrlandiya yığmasına dəvət alan Magennis 25 oyunda 1 qol vurub.