2016/2017 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, püşkatmanın nəticəsinə görə, 4 klubumuzun hər biri ilk görüşünü evdə oynamalı idi.
Belə ki, “Qarabağ” Çempionlar Liqasının II, “Qəbələ”, “Neftçi” və “Kəpəz” isə Avropa Liqasının I təsnifat mərhələsində ilk olaraq rəqiblərini qəbul etməli idilər. Ancaq UEFA “Neftçi”nin oyununda dəyişiklik edib. Belə ki, paytaxt təmsilçisi Malta “Baltsan”ı ilə ilk matçını Bakıda yox, səfərdə keçirəcək.
İki klub arasında aparılan danışıq müsbət nəticələnib və UEFA bu görüşün yerini dəyişmək qərarına gəlib. “Baltsan” iyunun 30-da bakılıları öz stadionunda qəbul edə bilməyəcək. Çünki “kolleclilər”in arenası UEFA standartlarına cavab vermir. Bu səbəbdən “Baltsan” – “Neftçi” qarşılaşması “Hibernians” klubuna məxsus olan 4000 tamaşaçı tutumuna malik arenada oynanılacaq.
Qeyd edək ki, avrokuboklardakı digər təmsilçilərimizdən “Qarabağ” “Düdelanj”la (Lüksemburq), “Qəbələ” “Samtredia” (Gürcüstan) ilə, “Kəpəz” isə “Daçiya” (Moldova) ilə qarşılaşacaq.