“Barselona” klubu 4 gün öncə dünyasını dəyişmiş Yohan Kroyffun adını əbədiləşdirə bilər. Apasport.az saytı xəbər verir ki, kataloniyalılar stadionlarına əfsanəvi futbolçunun adını verə bilərlər.
Belə ki, sabah “Barselona”nın rəsmi nümayəndələri toplaşaraq, iclas keçirəcəklər. Toplantıda “Nou Kamp” stadionunun Kroyffun adını daşıması məsələsi müzakirə olunacaq. Ancaq bununla bağlı qərar bir qədər gec veriləcək.
Ötən ilin oktyabr ayında Barselonanın xəstəxanalarından birində Kroyffa ağ ciyər xərçəngi diaqnozu qoyulmuşdu. 44 yaşına qədər siqarət çəkən keçmiş məşqçi 1991-ci ildə infarkt keçirdikdən sonra pis vərdişini tərgitmişdi. Lakin vaxtilə siqaret aludəçisi olması onun illər sonra xərçəng xəstəliyinə tutulmasına səbəb olmuşdu.
Qeyd edək ki, futbolçu kimi 1973-1978-ci illərdə “Barselona”nın şərəfini qorumuş Kroyff 1988-1996-cı illərdə isə Kataloniya klubunu çalışdırıb.