Çempionlar Liqasının bu gün keçirilən püşkatmasının yarımfinalda üz-üzə qoyduğu hər iki cütdəki komandaların yolları indiyədək bir dəfə kəsişib. Apasport.az saytının məlumatına görə, “Bavariya” (Almaniya) ilə “Atletiko” (İspaniya), “Mançester Siti” (İngiltərə) ilə “Real” (İspaniya) öz aralarında iki matç keçiriblər.
Sonuncuların dueli 2012/13 mövsümünə təsadüf edib. Çempionlar Liqasının eyni qrupunda mübarizə aparan komandaların oyunlarında “Real” üstün olub. Madrid klubu evdə 3:2 hesabı ilə qalib gəlib, Mançesterdən 1 xalla dönüb – 1:1.
“Bavariya” ilə “Atletiko” isə qitənin ən nüfuzlu klub turnirinin finalında görüşüblər. 1973/74 mövsümünün həlledici qarşılaşması 1:1 hesabı ilə nəticələnib. Lakin 42 il öncə qalibi penaltilər seriyası deyil, təkrar oyun müəyyənləşdiyindən rəqiblər yenə də üz-üzə gəlib. İkinci oyunda Almaniya təmsilçisi 4:0 hesabı ilə qələbə qazanıb.