[b]“Bizim üçün həlledici görüşlərdən olacaq” - Diniyev[/b]
05.05.2016 - 16:54
[b]“Bizim üçün həlledici görüşlərdən olacaq” - Diniyev[/b]

“Hər bir futbolçu üçün komandasının oyununa kənardan baxmaq çox çətindi. Adam istər-istəməz həyacanlı olur. Meydançada olanda heç nə hiss etmirsən, amma oynamayanda stress keçirirsən”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Kəpəz”in yarımmüdafiəçisi Kərim Diniyevə məxsusdu.

 

Vərəqə limiti səbəbindən Topaz Premyer Liqasının XXXII turunda “Rəvan”la oyunu buraxmış Diniyev cəzasını artıq başa vurub.

 

Klubun rəsmi saytına danışan futbolçu növbəti turda “Xəzər Lənkəran”la səfər matçında meydana çıxmasına əngəl qalmadığını deyib: “Futbolçunun istəyi bütün oyunlarda komandasına kömək etməkdi. Düzdü, bəzən cəza və ya zədəyə görə oynaya bilmirsən. Mənim yoxluğuma baxmayaraq, “Rəvan”a qarşı görüşdə “Kəpəz” yaxşı oyun nümayiş etdirib, qələbə qazandı”.

 

23 yaşlı yarımmüdafiəçi qarşıdakı oyun haqda da fikirlərini bölüşüb: “Çempionat sona yaxınlaşır, artıq hər oyun vacib xarakter daşıyır. O cümlədən “Xəzər Lənkəran”la oyun bizim üçün həlledici görüşlərdən olacaq. Bu komanda gənclərdən qurulsa da, heyətdə Premyer Liqa təcrübəsi olan futbolçular var. Döyüşkən komandadı, son oyunlarına baxmışam. Meydanda səylə mübarizə aparırlar, buna görə bizə çox çətin olacaq. Bütün gücümüzü ortaya qoymaqla səfərdən 3 xalla ayrıla bilərik. Başqa nəticə bizi qane etmir”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Kəpəz” oyunu mayın 7-də keçiriləcək.

0