[b]“Bu, son illərdə gördüyüm ən yaxşı yığmadı” – Robert Prosineçki [/b]
10.11.2017 - 17:11
[b]“Bu, son illərdə gördüyüm ən yaxşı yığmadı” – Robert Prosineçki [/b]

“Xorvatiya yığması Yunanıstandan çox yaxşı komandadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Robert Prosineçki deyib.

 

Azərbaycan yığması ilə müqaviləsinin müddəti gələn ay başa çatacaq xorvatiyalı məşqçi ölkəsinə qayıdıb. O, DÇ-2018-in pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən keçirilən Xorvatiya – Yunanıstan matçını (4:1) canlı izləyib.

 

Ölkəsinin mətbuatına açıqlama verən Prosineçki qarşılaşma haqda danışıb. O, “damalılar”ın bu görüşdə qələbəyə layiq olduqlarını bildirib: “Yunanların hazırkı millimiz qarşısında heç bir şansı yox idi. Yığmamız son illərdə ən yaxşı oyununu keçirdi. İnanılmaz şəkildə mübarizə apardıq, komandanın qələbə istəyi çox idi. Millimiz oyuna dominantlıq edən tərəf idi. 90 dəqiqə ərzində bir neçə qol şansı qazandıq. Bu, son illərdə gördüyüm ən yaxşı Xorvatiya yığmasıdı”.

 

Prosineçki Xorvatiya millisinin hazırkı çalışdırıcısı Zlatko Daliçin fəaliyyəti barədə də fikirlərini bildirib. 48 yaşlı mütəxəssis həmkarının işindən razıdı: “Qısa vaxt ərzində nəsə dəyişiklik etmək çox çətindi. Amma bu faktdı ki, futbolçular özlərinə inamlı şəkildə oynadılar və motivasiyaları yüksək səviyyədə idi. Daliç millinin aparıcı üzvü olan Luka Modriçdən qol tələb edir. Halbuki o, “Real”da bir qədər geridə yer alır. Luka bu cür oyun göstərəndə Xorvatiya yığmasına da asan olur. Uşaqlar əvvəldən sona qədər hücum etməyə çalışdılar. Yarımmüdafiə xətti topla çox davranırdı. Məhz belə də olmalı idi”.

 

Qeyd edək ki, bir müddət əvvəl adı Xorvatiya yığması ilə birgə çəkilən Robert Prosineçkinin bundan sonra fəaliyyətini Sloveniya millisində davam etdirəcəyi gözlənilir. 

0