“Avrokubokda oynamaq bizim xəyalımız idi və artıq bunu reallaşdırmışıq. İndi bu həyəcanı mümkün qədər çox yaşamaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu “Mladost”un yarımmüdafiəçisi Vladimir Radivoyeviç deyib.
Serbiya klubu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün Bakı “İnter”ini qəbul edəcək. Luçani təmsilçisi öz meydanında sərfəli nəticə qazanaraq, cavab görüşünə ümidli çıxmaq arzusundadı.
Radivoyeviç doğma azarkeşləri önündə qələbə qazanacaqlarına inanır. 31 yaşlı orta sahə oyunçusu Serbiya mətbuatına açıqlamasında “İnter”i hərtərəfli təhlil etdiklərini söyləyib: “Baş məşqçimiz bugünkü rəqiblə bağlı bizə ətraflı məlumat verib. “İnter” sərt və aqressiv futbol sərgiləyir. Ancaq biz öz oyunumuzu nümayiş etdirə bilsək, şübhəsiz ki, uğurlu nəticə əldə edəcəyik”.
Ötən ildən “Mladost”un formasını geyinən Radivoyeviç ilk dueldə qol buraxmamağın vacibliyini vurğulayıb: “Məqsədimiz meydanı qalib tərk etməkdi. Buna nail olmaq üçün hər şeyi edəcəyik. Ancaq diqqətli olmalı və hədəfə təmkinlə çatmağa çalışmalıyıq. Çünki avrokuboklarda səfərdə vurulan 1 qol 2 qola bərabərdi. Qələbə qazanmaq istəyiriksə, güclü pressinq tətbiq etməli və hücumlara sürətli çıxmalıyıq. Bu amillər bizi “İnter” önündə qələbəyə daşıyacaq. Azarkeşlərimiz çempionat matçlarında bizə böyük dəstək verirdilər. İndi bunun əvəzini qaytarmaq lazımdı. Qələbəni fanatlarımızla birlikdə qeyd etmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Mladost” stadionunda keçiriləcək “Mladost” – “İnter” qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.