[b]“Bu oyunla Kolumbiyada böyük uğura nail olmaq çətin olacaq”[/b]
24.03.2016 - 16:26
[b]“Bu oyunla Kolumbiyada böyük uğura nail olmaq çətin olacaq”[/b]

“Oyun ərzində gözlənilməz hadisə baş vermədi. Hesabı açdıqdan sonra rəqibin qapımıza yol tapması və hesabı bərabərləşdirməsi qanunauyğunluq yox, təsadüf idi”. Apasport.az saytının məlumatına görə, bunu Sahə Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov deyib.

 

O, futzal üzrə dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsində keçirilmiş Hollandiya – Azərbaycan oyunu barədə fikirlərini açıqlayıb. Məmmədov affa.az saytına bildirib ki, ilk matçda 5:1 hesabı ilə qələbə qazansaq da, arxayınlaşmaq olmaz: “Rəqibdən güclü olduğumuz ilk saniyələrdən görünürdü. Yekun hesab da bunu təsdiqlədi. Komandaya yaxşı oynadığına görə təşəkkür edirəm. Ancaq bu uğurdan arxayınlaşmaq olmaz, ikinci oyunu da yaxşı keçirmək və nəhayət, Kolumbiyada təşkil ediləcək dünya çempionatına çox ciddi hazırlaşmaq lazımdı. Bu oyunla Kolumbiyada böyük uğura nail olmaq çətin olacaq. Daha çevik oynamaq, qurulan kombinasiyaları dəqiq sona çatdırmaq vacibdi. Ümid edirəm ki, komandanın məşqçilər heyəti, rəhbərlik bunu nəzərə alaraq daha yaxşı hazırlaşacaq və Azərbaycanı layiqincə təmsil edəcək. 5:1 hesabının arxayınlaşmağa əsas vermədiyini demək, həqiqətə qarşı çıxmaq olar. Əlbəttə, arxayınlaşma olacaq”.

 

Məmmədovun sözlərinə görə, aprelin 12-də Bakıda keçiriləcək cavab görüşündə gənclərə də şans vermək lazımdı: “İstərdim ki, cavab oyununda baş məşqçi yerli gənclərə daha çox şans versin və onların təcrübə qazanmasına şərait yaratsın. Aydın məsələdi, doğma meydanda 1:6 hesabı ilə uduzacağımız reallıqdan uzaq görünür. Bunu ağlımdan belə keçirmirəm. Təbii ki, Bakıdakı oyunda da komandanın çıxışını canlı izləmək üçün idman sarayına mütləq gələcəyəm”.