[b]“CBC Sport”da problem: Əvvəl aparıcı simalar, sonra ofis əldən getdi[/b]
06.04.2018 - 12:11
[b]“CBC Sport”da problem: Əvvəl aparıcı simalar, sonra ofis əldən getdi[/b]

Son vaxtlar fəaliyyətində süstlük yaşanan, aparıcı simalarını itirməkdə olan "CBC Sport” daha bir çətinliklə qarşılaşıb. Apasport.az “sport7.az”a istinadən xəbər verir ki, telekanalın əməkdaşları və studiyalar Bakı Olimpiya Stadionunda (BOS) yerləşdiyi ofisdən başqa yerə köçürüləcək. Buna səbəb stadionun tezliklə UEFA-nın nəzarətinə keçəcəyidi.

 

Belə ki, 2019-cu ildə Bakı Olimpiya Stadionunda Avropa Liqasının finalı, növbəti il isə qitə çempionatının final mərhələsinin dörd görüşü keçiriləcək. UEFA hazırlıq prosesinə bilavasitə özü nəzarət edəcək və stadionda uzun müddətli işlər görüləcək.

 

Bu cür işlərə artıq start verilib. BOS-a gediş-gəlişi asanlaşdırmaq üçün hava limanına gedən yoldan stadiona tərəf yeni yeraltı keçidin inşası aparılır.

 

Stadion ərazisindəki bütün otaqlar və ərazi UEFA-nın nəzarətində olacağından "CBC Sport”un ordan köçürülməsi də qaçılmazdı. Artıq bu haqda AFFA-ya xəbərdarlıq olunub və telekanalın köçürülməsinə hazırlıq gedir.

 

Qeyd edək ki, Premyer Liqa ilə yanaşı, İtaliya A seriyasının və Hollandiya çempionatının oyunlarını yayımlayan telekanal hazırda yaxşı günlərini yaşamır. Ötən tur keçirilən "Kəpəz” – "Zirə” qarşılaşmasının yayımı zamanı təkrarların göstərilməməyi azarkeşlərin haqlı narazılığına səbəb olmuşdu.

 

Ümumiyyətlə isə çoxdandı oyunların yayımlanmasında ciddi problemlər hiss olunur. Əvvəllər oyunların yayımı zamanı təcrübəli aparıcılar və mütəxəssislər bilavasitə stadiondan canlı efirə qoşulur, operativ xəbərlər, müzakirələr izləyicilərə təqdim olunurdu. Üstəlik, şərhlərdə əsasən iki nəfər iştirak edirdi ki, bu da dinamik və rəngarəng alınırdı.

 

Kanalın iki aparıcı siması Emin Abbasov və Gündüz Abbaszadə "Xəzər” klubunda çalışmağa başlayandan sonra nə İtaliya, nə də Azərbaycan çempionatının oyunlarının şərhində iştirak etmirlər.

 

0