“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Fiorentina” daha bir aparıcı oyunçusu ilə vidalaşıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, müdafiəçi Markos Alonso karyerasını İngiltərədə davam etdirəcək.
Belə ki, “Çelsi” uzun müddətdi maraqlandığı 26 yaşlı futbolçunun keçidini, nəhayət ki, həll edib. Razılığa əsasən, “zadəganlar” sol cinah müdafiəçisi üçün qarşı tərəfə 27 milyon avro ödəyəcək. Artıq Londona yollanan ispaniyalı oyunçu “Çelsi”də tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, “Fiorentina” “Real”ın yetirməsi olan Markos Alonso 2013-cü ildə “Bolton”dan transfer etmişdi.