İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Çelsi” derbilərdə qazanılan qələbə sayında ölkənin ən yaxşısı olub.
London təmsilçisi paytaxt derbilərində 118-ci dəfə 3 xal qazanıb. “Vest Hem”ə 2:1 hesabı ilə qalib gələn Antonio Kontenin yetirmələri “Arsenal”ın rekordunu yeniləyib. Sonuncular 117 derbidə qələbə qazanıb.
Müqayisə üçün Azərbaycan çempionatındakı derbilərdə ən çox qələbə qazanan komandanın kimliyi maraq doğurur. İngiltərə Premyer Liqası kimi, 1992-ci ildən keçirilən bizim çempionatda yalnız bir şəhərin – Bakının derbiləri baş tutub. Çünki digər şəhərlər eyni vaxtda iki komanda ilə təmsil olunmayıb.
Paytaxt derbilərinin ən yaxşısı isə “Neftçi”di. “Ağ-qaralar” Bakının digər 19 komandası ilə keçirdiyi qarşılaşmalarda 151 dəfə qalib gəlib. “Çelsi”dən 33 qələbə öndə olan təmsilçimiz 19 rəqibindən yalnız birini – “Zirə”ni məğlub edə bilməyib.
Daha çox “Bakı”ya gücünü göstərən “Neftçi” paytaxtın eyniadlı komandasına 29 dəfə qalib gəlib. “İnter” 23, MOİK 17, AZAL 16, “Şəfa” 14 dəfə şəhərin daha köklü klubuna yenilib. “Ağ-qaralar” digər həmşəhərlilərini 10 dəfədən az məğlub edib.