“Differdanj” Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Zirə” ilə cavab görüşünə ciddi hazırlaşır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ilk görüşdəki məğlubiyyətə (0:2) baxmayaraq, baş məşqçi Paskal Karzaniqa növbəti mərhələ şansını itirməyib.
Fransalı mütəxəssis Lüksemburqdakı qarşılaşmada heyətdə bəzi dəyişikliklər etməyi planlaşdırır. Bakıdakı qarşılaşmada müdafiənin sol cinahında çıxış edən Andre Almeyda Rodriges bu dəfə ehtiyatda qalacaq. Əvəzində qırmızı vərəqə cəzalısı olduğu üçün Azərbaycana gəlməyən Tom Sibanelera əsas heyətdəki yerini tutacaq.
Yeni transfer Şadli Amri də ilk dəfə “Differdanj”ın ilk “11-liy”ində meydana çıxacaq. “Dalğa Arena”da keçirilən görüşdə yarım saat mübarizə aparan Amrinin fiziki durumu məşqçilər korpusunun ürəyincə olub. Karzaniqa əlcəzairli forvardı ilk dəqiqələrdən döyüşə atacaq. Əvəzində Cordan Yeye bu dəfə ehtiyatda əyləşəcək.
Hücum xəttindəki digər dəyişiklik isə Nikolas Pereslə bağlı olacaq. Yeni transfer edilən fransalı forvardın Bakıdakı 20 dəqiqəlik çıxışı da ürəkaçan olub. Bu səbəbdən onun da “Munisipial” stadionundakı görüşün start heyətində iştirakı gözlənilir.
Qeyd edək ki, “Differdanj” – “Zirə” oyunu iyulun 6-da keçiriləcək.