Azərbaycanlı futbolçu Samir Məsimovun “Domjale” klubunda son vaxtlar heyətə düşə bilməməyinə aydınlıq gəlib. Bu barədə apasport.az saytına Sloveniya təmsilçisinin mətbuat xidmətinin rəhbəri Qreqa Krmavnar məlumat verib.
O bildirib ki, Məsimovun meydan üzü görməməyi infeksiyaya yoluxması ilə bağlıdı: “Hər bir futbolçunun yeni komandasına uyğunlaşması üçün zamana ehtiyacı var. Samir adaptasiya prosesini keçdikdən sonra oynamağa başlamışdı. İşlərinin yaxşı getdiyi bir məqamda infeksiyaya yoluxdu. Həkimlər onun 8 günə tam sağalacağını bildirdilər. Artıq bu müddət geridə qalıb və Məsimov hazırda özünü yaxşı hiss edir”.
Sloveniya çempionatında 3-cü pillədə qərarlaşan “Domjale” bu gün ölkə kubokunda növbəti oyununa çıxacaq. Məsimovun komandası yarımfinal mərhələsi çərçivəsində “Selye” ilə qarşılaşacaq.
“Domjale” rəsmisi Məsimovun bu oyunda heyətdə yer alacağını qeyd edib: “Samirin sağlamlığı ilə bağlı problemi həll olundu. Artıq məşqlərdə var gücü ilə iştirak edir. Bu gün keçiriləcək kubok görüşündə Samir heyətdə olacaq”.
Qeyd edək ki, “Domjale” Sloveniya çempionatında isə növbəti matçını aprelin 23-də “Rudar”a qarşı keçirəcək.