“Əgər yaxşı formada olsam, “Qarabağ”la oyunda mütləq meydana çıxacam. Yeni komandamın uğurlu çıxışı üçün əlimdən gələni edəcəm”. Bunu “Qarabağ”ın Çempionlar Liqasındakı (ÇL) rəqibi “Düdelanj”ın futbolçusu Dominik Stolz deyib.
ÇL-in II təsnifat mərhələsində Ağdam klubuna rəqib olan Lüksemburq təmsilçisi almaniyalı yarımmüdafiəçini II Bundesliqa klubu “Sandhauzen”dən alıb.
26 yaşlı futbolçu yerli mətbuata açıqlamasında “Qarabağ”la ilk görüşdən heç-heçə ilə ayrılmağı hədəflədiklərini söyləyib: “Bizi asan oyunlar gözləmir. “Qarabağ” yaxşı komandadı. Bu, onların son illər avrokuboklardakı nəticələrindən aydın görünür. Ancaq mən püşkün nəticəsindən razıyam. “Seltik” və ya “Legiya”ya rəqib olmaqdansa, “Qarabağ”la düşmək daha yaxşıdı. İlk oyunumuzu səfərdə keçirəcəyik. Məqsədimiz ordan heç-heçə ilə ayrılmaq olmalıdı”.
Qeyd edək ki, “Qarabağ”ın “Düdelanj”la ilk oyunu iyulun 12-də və ya 13-də, cavab qarşılaşması isə bir həftə sonra keçiriləcək.