Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Sabah Azərbaycan Kubokunun finalında “Qarabağ”la “Qəbələ” üz-üzə gələcək. Komandaların şanslarını necə dəyərləndirirsiniz?
- Çempionat başa çatdığından, kubok oyunu ilə mövsümə yekun vurulacaq. Buna görə də, hər iki komanda bütün gücünü ortaya qoyacaq. Düzdü, “Qarabağ” artıq ölkə çempionu olub. Ancaq mövsümü “qızıl dubl”la bitirmək onlar üçün daha şirin olar. Digər tərəfdə isə titul qazanmaq üçün alışıb-yanan “Qəbələ” var. Belə matçlarda favorit olmur. Hər iki komandanın şansı eynidi.
- Sizcə, komandalar hansı özəllikləri hesabına rəqibi üstələyə bilərlər?
- Hər iki klubun öz oyun üslubu var. Fikrimcə, “Qarabağ” yenə öz oyunundan əl çəkməyəcək. “Qəbələ” isə güc futbolu və sürətli hücumla qalib gəlməyə çalışacaq. “Qarabağ” son turda demək olar ki, əsas heyətlə mübarizə apardı. “Qəbələ”də isə ehtiyat qüvvə meydana çıxmışdı. Bu səbəbdən praktika baxımından “Qarabağ”ı daha hazırlıqlı saymaq olar. Amma kubok oyununa hazırlıq tam fərqli olur.
- Hansı futbolçuları görüşün gizli “silahı” hesab etmək olar?
- Hər iki komanda kollektiv oyun sərgiləməyi sevir. Təbii ki, onların liderləri də var. Əsas məsələ liderin komanda oyununa güc qatmasıdı. Mən bunu hansısa futbolçuların dueli kimi qələmə verməyin əleyhinəyəm. Çünki duel dahilər arasında olur. Məsələn, Messi – Ronaldo qarşıdurması kimi. Belə matçlara isə duel kimi yanaşmaq mümkün deyil. “Qəbələ”də Cavid Hüseynovdan çox şey gözləyirəm. Yavaş-yavaş öz oyununu tapır. Hesab edirəm ki, tezliklə komandanın liderinə çevriləcək. “Qarabağ”da isə Riçard Almeydanın adını çəkə bilərəm.

- Finalın Naxçıvanda keçirilməsi oyuna nə kimi təsir edə bilər?
- Matçın Naxçıvana salınması alqışalayiq haldı. Ordakı insanlar da gəlib maraqlı futbol izləyəcəklər. Futbolu kütləviləşdirmək baxımından bu, çox önəmli addımdı. Təbii ki, ot örtüyünün durumundan da çox şey asılı olacaq. Naxçıvanda meydança adətən bərk olur. Ancaq görüşün orda oynanılacağı çoxdan bilinirdi və yəqin ki, buna uyğun arenada işlər görüblər. Ümid edirəm ki, ot örtüyü ideal olar və gözəl futbol seyr edərik.
- “Qəbələ” həm də ölkə çempionatındakı revanşı almağa çalışacaq. Sizcə, bu, komandanın xeyrinə işləyəcək, yoxsa ziyanına?
- Revanş futbolda hər zaman var. Amma revanş arzusu bəzən hansısa komandanı “yandıra” bilər. Həddindən artıq motivasiya da yaxşı deyil. Təbii ki, yaxşı motivasiya və həyəcanı vaxtında “boğmaq” vacibdi. Belə görüşlərdə elə bir futbolçu yoxdu ki, həyəcan keçirməsin. Hətta ən təcrübəlimiz Rəşad Sadıqovda belə, həyəcan olacaq. Ümumiyyətdə, düşünmürəm ki, “Qəbələ” revanş üçün meydana çıxacaq. Hər iki komanda mövsümü yüksək əhval-ruhiyyədə başa vurmağa çalışacaq.
- Bu komandalar həm də gələn mövsüm avrokuboklarda mübarizə aparacaqlar. Sizcə, hazırkı heyətləri Avropa arenasında uğur qazanmaq üçün yetərlidimi?
- Məncə, hər ikisinin güclənməyə ehtiyacı var. Avrokubokda mübarizə aparan komandanın eyni gücdə iki heyəti olmalıdı.
- Komandaların hansı mövqelərində boşluqlar görürsünüz?
- Hansı mövqelərin güclənməli olduğunu mənim deməyim etik cəhətdən doğru olmaz. Amma “Qarabağ”ın hücum xəttinin axsadığı görünür. Elə “Qəbələ”nin də güclü hücumçuya ehtiyacı var. Ümumilikdə, “Qəbələ”nin Araz Abdullayev, Ruslan Qurbanov kimi yaxşı yerliləri var. Mən onlardan lider kimi oynamağı, gənclərə örnək olmağı gözləyirəm. Hücumu çıxmaq şərtilə hər iki komandanın digər mövqelərində rəqabət çox yaxşıdı.
Ruslan SADIQOV