[b]“Elə bil əvəzetmələri Qurban Qurbanov deyil, Vaqif Sadıqov edirdi”[/b]
03.08.2016 - 14:32
[b]“Elə bil əvəzetmələri Qurban Qurbanov deyil, Vaqif Sadıqov edirdi”[/b]

FİFA meneceri Erkin İbrahimov Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində dünən keçirilən “Qarabağ” – “Viktoriya” matçı haqda münasibət bildirib. Apasport.az saytının məlumatına görə, o, feysbuk səhifəsində paylaşdığı yazıda dünənki görüşlə bağlı razı və narazı qaldığı məqamlara toxunub. 

 

Start heyəti

Keçən həftə Mədətovun start heyətində çıxması yanlış, amma cəsarətli bir qərar idi. Bununla belə, bu dəfə gənc oyunun adı heç “18-liy”ə salınmamışdı. Ya Mahir zədələnmişdi, ya da bilmədiyimiz şeylər var. Hər halda, Mahir ikinci hissədə Əlhərbidən daha çox xeyir verərdi.

 

Oyun tərzi

Əvəzetmələrdən öncə “Qarabağ” öz stilində oynayırdı. Müdafiədən qısa ötürmələr hesabına çıxmaq, topu itirdikdən dərhal sonra intensiv pressinq tətbiq etmək, sürətli cinah keçidləri hesabına müdafiəni yarmaq və s. Komanda kifayət qədər qol epizodu yaratdı. O epizodlardan biri məntiqi sonluqla nəticələnsəydi, indi hamımız “Qarabağ”a və Qurbanova tərifnamələr yazardıq...

 

Əvəzetmələr

Bax, budu ən çox danışılan mövzu. Hər zaman deyirik ki, “Qarabağ”ın öz oyun stili var, və matçların gedişatından asılı olmayaraq, komanda ona sadiq qalır. Təəssüflər olsun ki, edilən dəyişiklərdən sonra “Qarabağ” öz oyununu tamamilə itirdi. Elə bil, həmin axşam əvəzetmələri Qurban Qurbanov deyil, Vaqif Sadıqov edirdi. Dəfələrlə sübüt olunub ki, meydanda müdafiəyəmeylli futbolçuların çoxalması heç də müdafiənin gücləndirilməsi demək deyil. Bu əvəzetmələr Roman Pivarnik üçün bir siqnal idi. Çex mütəxəssis də gördüklərindən əla nəticə çıxardıb.


Əlhərbinin həmin gün meydanda nə işi var idi? Klub rəhbərliyi 6 aydı mərakeşlini komandadan göndərmək istəyir. Bu cür oyunçunu belə bir vacib qarşılaşmada meydançaya buraxması böyük bir səhv idi. Olmazdı ki, meydana Əlhərbi deyil, İlqar Qurbanov çıxardı? Almeyda da, Kintana da qalsaydılar, çox güman ki, indi pley-offa hazırlaşırdıq. Rahid Əmirquliyev, Coşqun Diniyev də həmin gün komandaya kömək etməyə hazır idi.

 

Yekun nəticə

Ola bilsin, “Qarabağ” mərhələ şanslarını hələ Çexiyada itirdi. 75-ci dəqiqədən sonra komanda tempi artırıb, ərazi üstünlükdən yararlana bilərdi. Hətta buna görə Qurban Qurbanovu qınayanlar da az deyildi. Fikrimcə, hər iki matçda seçilən oyun planı tam düzgün idi (Mədətov məsələsini çıxmaq şərtilə). Hər iki oyunda “Qarabağ” ancaq debütdə rəqibdən zəif görünürdü. Ümumiyyətlə, oyun planında “Qarabağ” rəqibindən daha sürətli, topla daha səliqəli rəftar edən bir komanda kimi görünürdü.

 

Boşa xərclənən qol imkanları və uğursuz əvəzətmələr “Viktoriya”nı pley-offa çıxartdı. Bununla belə, “Qarabağ”ın üstünə çox getməyin də tərəfdarı deyiləm. Demək ki, alnımıza Avropa Liqası yazılıb. Nə olur-olsun, “Qarabağ” müasir Azərbaycan futbolunun ən uğurlu komandasıdı. Komanda bizə dəfələrlə sevinc, qürur hissi bəxş edib. İnanıram ki, “Qarabağ” ardıcıl üçüncü dəfə Avroliqanın qrupuna düşməklə dünənki nəticəni unutdurar…