Premyer Liqanın ikinci hissəsinə hazırlıqları davam etdirən “Keşlə” yoxlama oyununda “Neftçi” ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, sözügedən oyunun fasiləsində “Keşlə”nin prezidenti Zaur Axundov jurnalistlərin suallarını cavablandırıb.
- Yeni transferlər haqqında düşüncələriniz necədi?
- Hələ cəmi ikinci oyunda meydana çıxıblar. Məşqçilər korpusu analiz edib, qərarlarını verəcək. Fikrimiz var ki, bir-iki oyunçu yenə cəlb edək.
- Rauf Əliyev məsələsi nə yerdə qaldı?
- Məsələ hələ gündəmdədi. Biz ona dünən də dedik ki, klub olaraq elədiyi hərəkət üçün ondan inciməmişik. Öz doğma klubudu, nə vaxt olsa, qayıda bilər. Təklifimizi vermişik, özü qərar verəcək.
- Deyəsən müqavilə məsələsində nəsə anlaşmazlıq yaranıb...
- O bizə müraciət edib qayıtmaq üçün. Biz onu axtarmamışıq. Təbii ki, hər klubun öz starategiyası, metodu var. 1-1.5 illik müqavilə təklif elədik, o isə mövsümün sonuna kimi qalmaq istəyir. Biz bununla heç cür razılaşa bilmərik.
- Büdcəniz normallaşıb deyəsən. Yeni oyunçular gətirirsiniz...
- Müəyyən olunmuş limitdə büdcəmiz var və ona uyğun hərəkət edirik. Nəzərə alaq ki, bizdən müəyyən səbəblərə görə, 5-6 oyunçu da gedib.
- Raufla problem ancaq müqavilə müddətindədi, yoxsa maddi anlaşmazlıq da var?
- O, 6 ay istəyir. Amma bizim üçün əvəzolunmaz futbolçu yoxdu. Hamının sözü ilə oturub-durmaq olmaz ki. Yayda gedəndə də aramızda bir az inciklik olmuşdu. Yenə də deyirəm, onun gedişinə razı deyildim, amma millinin üzvüdü, uğurlar arzuladım. Amma çox qalmadı “Kukesi”də, qayıtdı, qanuna görə, başqa klubda oynaya bilməz, biz də hər şeyi unudub ona şans vermişik.
- Klub prezidenti olaraq necə fikirləşirsiz, Mirhüseyn Seyidovla Nizami Hacıyev bağışlana bilərmi?
- İnanırsız, mənim üçün də çox ağırdı. Həm o hadisəni unutmaq istəyirəm, həm də unuda bilmirəm. Qısa müddət də olsa, həm Nizami, həm də Mirhüseynlə birlikdə işləmişik. Amma bizdəndə də yuxarı instansiyalar var ki, qərar veriblər. Hamımız qanun çərçivəsində işləyirik.
- Araşdırmaların davam etdiyini bilirik. Başqa sanksiyalar ola bilər?
- Ömürlük futboldan uzaqlaşdırılıblar, daha ağır nə cəza ola bilər ki?
- Onlar deyil, başqa oyunçular...
- Təbii ki, əgər belə şeylər varsa, birmənalı şəkildə, mütləq cəzalandırılmalıdılar.