[b]“Həyat yoldaşımı, qızımı söydülər, belə davam edə bilmərəm”[/b]
25.04.2016 - 09:58
[b]“Həyat yoldaşımı, qızımı söydülər, belə davam edə bilmərəm”[/b]

Türkiyə Superliqasının XXX turunun qalmaqallı “Trabzonspor” – “Fənərbaxça” oyunu meydan sahiblərinin başını çox ağrıdacaq. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Qara dəniz təmsilçisini ciddi sanksiya gözləyir.

 

İlk dövrədə “Hüseyin Avni Aker” stadionunda keçirilən “Trabzonspor” – “Qaziantepspor” görüşündə baş verən olaylara görə 2 oyunluq cəza alan “bordo-mavililər” bu dəfə canlarını belə asan qurtara bilməyəcəklər. Hakimin döyüldüyünü və azarkeşlərin meydana axın etdiyini nəzərə alan Nizam-İntizam Komitəsi bu dəfə minimum 5 oyunluq stadiondan istifadə etmə qadağası və böyük məbləğdə pul cəriməsi etməyi düşünür.

 

Bu hadisə bəzi oyunçuların “Trabzonspor”la vidalaşmasına da yol açacaq. Dünənki matçın son dəqiqələrində hakimə hücum çəkən azarkeşi güclə sakitləşdirən “bordo-mavililər”in qapıçısı Onur Kıvrak ardından baş məşqçi Hami Mandıralının yanında formasını və əlcəklərini yerə ataraq, əli ilə “bitdi” işarəsini göstərib və arenanı tərk edib. Bununla bağlı qısa açıqlama verən Türkiyə millisinin qolkiperi bu hərəkəti baş məşqçiyə qarşı etmədiyini söyləyib: “Həyat yoldaşımı, qızımı söydülər, belə davam edə bilmərəm. Hərəkətimin baş məşqçi ilə əlaqəsi yoxdu”.

 

Trabzonlularla 2020-ci ilin mayına qədər anlaşması olan Onur bundan sonra komandada qalmaq istəmədiyini bildirib.

 

Qapıçı ilə yanaşı, yarımmüdafiəçi Ərkan Zəngin də komandadan ayrılacaq futbolçular arasında olacaq. Hesab 0:4 olarkən baş məşqçi onu meydana buraxmaq istəsə də, İsveç millisinin üzvü bundan imtina edib. Bu səbəbdən Ərkan artıq klub rəhbərliyinin “qara siyahı”sına düşüb.

 

Qeyd edək ki, “Fənərbaxça” 4:0 hesabı ilə öndə olarkən 89-cu dəqiqədə meydana azarkeşlərin daxil olması və hakimə xəsarət yetirməsi qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olmuşdu.