[b]“İki ay ərzində normal futbol oynamamışam” [/b]– Ernest Nfor
25.04.2015 - 23:34
[b]“İki ay  ərzində normal futbol oynamamışam” [/b]– Ernest Nfor

Topaz Premyer Liqasının XXXI turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzan “Neftçi” klubunun hücumçusu Ernest Nfor oyundan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- “Qarabağ”a yenə uduzdunuz. Məğlubiyyətin səbəbini izah edə bilərsinizmi?

- Çox çətin oldu. Bu gün “Qarabağ”a qarşı ən yaxşı oyunlarımızdan birini nümayiş etdirdik. Ümumiyyətlə, meydanda ən yaxşı komandaların mübarizəsi getdi.

 

- Amma bu qələbə üçün yetərli olmadı...

- Bu, sizin fikrinizdi. Baxır, oyuna necə yanaşırsınız. Kiçik, fərdi səhvlərə yol verdik. Biz “Qarabağ”a qarşı oynayırdıq. Rəqibimiz əksər hallarda bizi əks-hücumlarda yaxalayırdı. Onlar buna asanlıqla nail olurdular.

 

- Meydana sonradan daxil oldunuz və çox aqressiv idiniz. Hətta sarı vərəqə də aldınız. Aqressiv olmağınız nədən qaynaqlanırdı?

- Bu, normaldı. İki ay ərzində normal futbol oynamamışam. Meydana daxil olan zaman öz mövqeyimdə olduğumu göstərməli idim. Adımı, nüfuzumu ortaya qoymalıyam. Bu, zəifliyin göstəricisi deyil. Üstəlik, nəzərə alın ki, meydanda azlıqda qalmışdıq.  

 

- Zədəniz ciddi idi və uzun müddət yaşıl meydanlardan kənarda qaldınız. Artıq əvvəlki formanızı bərpa etmisinizmi?

- Əgər meydana çıxmışamsa, deməli, özümü yaxşı hiss edirəm. Oynamağa hazıram. İndi bir qədər çox çalışmalıyam. Çünki hazırkı heyətdə yer alan futbolçular daim məşq ediblər. Mən isə bir müddət yaşıl meydanlardan uzaq qaldım. Əvvəlki formamı bərpa etməyim çətindi, bunun üçün 1-2 həftə çox çalışmalıyam.

 

- Komandadakı gələcək aqibətinizlə bağlı nə deyə bilərsiniz?

- Gələcəyim xidmətimdə maraqlı olan insanlardan asılıdı. 29 yaşım var, qalmağımı istəsələr, qalıb, komandama kömək edərəm. Əgər istəməsələr, başqa kluba gedəcəm. Hələ ki, qalmağımla bağlı hansısa təklif almamışam. Mövsümün sonunu gözləyəcəyik.

 

0