[b]Nəsimi Nəbizadə: İndi mən də Şakira ilə kef edirdim - MÜSAHİBƏ[/b]
21.04.2015 - 11:39
[b]Nəsimi Nəbizadə: İndi mən də Şakira ilə kef edirdim - MÜSAHİBƏ[/b]

Lent.az-ın "Məşhur fanatlar" rubrikasının budəfəki qonağı tanınmış teleaparıcı, APA TV-nin xəbər müdirinin müavini Nəsimi Nəbizadədir. Onunla futbol haqda söhbətimiz geniş və maraqlı alındı.

 

- Futbola sevginiz nə vaxt yaranıb?

- Məktəbdə oxuduğum ilk illərdən futbolla maraqlanırdım. Bizim vaxtımızda SSRİ-nin bir əfsanə komandası vardı - "Dinamo" (Kiyev). Mən o komandaya azarkeşlik edirdim və heyətini indi də deyə bilərəm. Çanovdan başlayaraq Bloxinə, Belanova qədər, ilk "11-lik" yadımdadı. Xoşum gəlməyən komanda da var idi. Məsələn, Moskva "Spartak"ından zəhləm gedirdi.

 

- Maraqlıdır, "Spartak"a olan nifrət nədən irəli gəlirdi?

- Mənim Seyran adlı qonşum var. Bərbərdir, artıq 20 ildir ki, saçımı düzəldir. Həm də uşaqlıq dostuyuq. Şortik geyindiyimiz vaxtlardan bir həyətdə böyümüşük. O, "Spartak"a "balet" edirdi. Seyranın "Dinamo"dan, mənim isə "Spartak"dan zəhləm gedirdi. Saray kəndində böyümüşəm. Bizim məhlədə uşaqların hərəsi bir komanda "tuturdu". Özü də kim hansısa komandaya birinci azarkeşlik edirdisə, o birisinə növbə çatmırdı, digəri artıq fərqli komanda seçməli idi. Mənə elə gəlir ki, o vaxt keçirilən SSRİ çempionatı indiki Çempionlar Liqası və ya Avroliqadan daha güclü idi. İttifaqın daxilində olan 15 müstəqil respublika və xırda muxtariyyət, vilayətlərin komandaları çempionatda iştirak edirdi. Digər dostum Rövşən "Dnepr"ə azarkeşlik edirdi. Yadıma gəlir, Lobanovski "Dnepr"dən Litovçenko ilə Protasovu alıb "Dinamo"ya gətirəndə, Rövşən dilxor olmuşdu. "Spartak"ı niyə sevmirdim? Çünki o vaxt hakimlər paytaxt komandalarına kömək edirdilər. Mənə elə gəlirdi ki, hakimlərin hamısı "Spartak"a tərəfkeşlik edirdilər. Buna görə də o komandadan zəhləm gedirdi. Bunu hamı qəbul edər ki, SSRİ çempionatında Kiyev "Dinamo"su ən güclü komanda idi.

 

- O dövrün ən məşhur futbolçusu kim sayılırdı?

- O dövrdə məşhur futbolçu çox idi. Səhərdən deyirəm "Spartak"dan zəhləm gedir, ancaq o komandada da bəyəndiyim futbolçular var idi. Məsələn, Rinat Dasayev. İndi Dasayev kimi qapıçı nə gəzir?

 

- Nəyə görə Rusiyada tatar qapıçılar daha məşhur idilər?

- Maraqlı faktdı. Dasayev Həştərxan tatarı idi. Rusun qapısını həmişə tatarlar qoruyurdu. Məsələn, Niqmatulin. Ya müdafiəçi Vagiz Xidyatulin. Deməli, etibarlı olublar. Türklər qapıya “kalə” deyirlər. O sözdən xoşum gəlir. Kalə, yəni qala. Yəqin tatarlar öz qalalarını daha yaxşı qoruyublar, buna görə ruslar onlara etibar ediblər qapılarını, qalalarını. Ümumiyyətlə, o vaxt SSRİ-də çox yaxşı qapıçılar var idi. Sovetdə qapıçı məktəbi güclü olub. Çanov, Otar Qabeliya, bizim öz qapıçımız Aleksandr Jidkov. Yeri gəlmişkən, Jidkov yaman penalti qaytarırdı. Səhv etmirəmsə, sonra o Kiyevə getdi və "məhv oldu". Mixail Mixailov var idi, o da yaxşı qapıçı idi. Sonra onu "Neftçi"yə verdilər, Jidkovla dəyişdilər. Sergey Kramarenko, Tişin, bunlar da əla qapıçılar idi. SSRİ vaxtında "Dinamo"nun hər bir oyunçusu ayrı-ayrılıqda əfsanə idi. Amma bir futbolçu var idi, o, Dasayevin qənimi idi. Leonid Buryakı nəzərdə tuturam. Sovet futbolunda ən yaxşı futbolçular gürcü və ukraynalılardan çıxıb. Bizim də bir "Neftçi"miz var idi. Məşhur "troyka" - Maşallah Əhmədov, İsgəndər Cavadov, İqor Ponomaryov əla oyun göstərirdilər. Bu "üçlük"dən də qorxurdular. Sonra onun arxası da gəldi. Yunis Hüseynov, Nazim Süleymanov, Vəli Qasımov, Samir Ələkbərov, Vidadi Rzayev. Belə futbolçular olub. Sonra daha olmadı (gülür).  

 

- Stadiona ilk dəfə nə vaxt getmisiz?

- Səhv etmirəmsə, 1986-cı il idi. Bizim həyətdə balaca 3 otaqlı evimiz var idi, hansı ki, mən orda doğulmuşam. Sonra o evi sökdük. Ustalar həyətimizdə işləyir, təzə ev tikirdilər. Aydın adlı bir "prorab" var idi. Atamla hardansa tanışıydı, gəlirdilər nərd oynayırdılar bizdə. O, futbol azarkeşi idi. Düzdü, atam da evdə futbola baxırdı, ancaq stadiona gedən deyildi. Bu bir gün gəldi ki, bilet almışam, gedək "Neftçi" - "Spartak" oyununa. Mən də elə sevinirəm ki... Birinci dəfə futbola gedəcəkdim. İlk dəfə onda getdim stadiona. "Neftçi" "Spartak"ı 2:1 hesabı ilə məğlub etdi. Birinci dəfə onda gördüm ki, stadionda necə söyüş söyürlər, ağızlarına gələni deyirlər. Başa düşdüm ki, söyüş söyməyin yeri elə stadiondu (gülür). "Neftçi" uddu, stadion dağılırdı. Məzəli sözlər yadımdadı, hakimi söyürdülər, "Sudyu na mılo" deyirdilər. "Fənərbağça"nın stadionda çox olmuşam. "Beşiktaş"ın da meydanında oyuna baxmışam, "Beşiktaş" - "Fənərbaxça" matçını izləmişəm, ancaq formasız. Çünki ora dəlixanadı. "Fənər" forması geyin, get, otur "Beşiktaş" azarkeşlərinin içində, adamı öldürərlər (gülürük). Bir dəfə də Tiflisdə oyuna baxmışam. 1988-89-cu illərdə "Neftçi" yüksək liqadan birinci liqaya düşmüşdü. Amma "Ararat" və "Dinamo" (Tiflis) komandaları yüksək liqada idilər. Dayımla Tiflisdəydik. Dedik gedək onların oyununa baxaq. Getdik oturduq gürcülərin arasında. "Dinamo"ya həmişə Azərbaycanda simpatiya olub, "Ararat"dan isə zəhləmiz gedirdi. Oyun gedir, "Ararat" hesabı açdı. Ermənilərin məşhur şüarı vardı. "Ararat" qol vuranda başlayırdılar qışqırmağa ki, "Ararat" gup-gup, "Ararat" gup-gup". Sonra gürcülər hesabı bərabərləşdirdi. Onda da Sumqayıt hadisələri olmuşdu. Siyasi tərəflərinə keçmək istəmirəm. Futbol azarkeşləri bir-birlərinə yanıq verməkdən ötrü nə istəyirsən, deyirlər. "Dinamo" hesabı bərabərləşdirəndə gürcülər hamısı "Sumqayıt, Sumqayıt" deyə qışqırmağa başladılar. Ermənilərin səsi də çıxmadı. Oyun isə 1:1 qurtardı.

 

- Həmin dövrlə indiki dövrü müqayisə etsək, çoxmu dəyişiklik var?

- Mənim əslim Gəncədəndi. Həmişə "Kəpəz"ə azarkeşlik etmişəm. Yeri gəlmişkən, "Kəpəz" ikinci liqada oynadığı vaxt da stadionda çox olmuşam. Uşaq idik, qaçıb gedirdik futbola baxmağa. Gəncədə komandalar çox olub: "Metallurq", "Toxucu", "Qənnadı", "Dinamo" (Kirovabad). Təəssüf ki, indi hər yerdə futbol var, ancaq Gəncədə yoxdu. Halbuki baza həmişə Gəncədə olub. Bir də deyirlər ki, Tovuzda məktəb olub. Amma o, Gəncəyə çata bilməz. Çünki o vaxtkı futbolçuların 70-80 faizi Gəncədən çıxırdı. Müstəqillik dönəminə gəlsək, "Qarabağ" son 1-2 ildə qalibiyyət sevincini bizə yaşatmasaydı, Azərbaycanın indiki futbolçularından heç kimi tanımazdım. Bir ara isə "Şəmkir" yaxşı oynayırdı. Yadımdadı, Badri Kvaratsxeliya çıxış edirdi o komandada. Bu dəqiqə Azərbaycan futbolu ilə o dərəcədə də maraqlanmıram.

 

- Yəqin ki, bir gəncəli olaraq, "Kəpəz"in indiki durumu sizə pis təsir edir. Niyə Gəncədə bir nəfər tapılmır ki, "Kəpəz"ə sponsorluq etsin?

- Gəncəlilər futbolu çox sevirlər. İndi "Topaz" var, camaat gedib variant yazır. Sovetin vaxtında belə bir şey Gəncədə var idi. Halbuki qadağan olunmuşdu, cinayət sayılırdı.

 

- Heç ağlınızdan futbol şərh etmək keçibmi?

- AzTV-də işləyirdim, Nizami Xudiyevin vaxtları idi. Mənə dedilər ki, gəl, futbol şərh elə. Xarici çempionatları izləyirsən, bütün oyunçuları tanıyırsan. Dedim mən oyun apara bilmərəm. Soruşdular ki, nədən çəkinirsən? Dedim ki, ağzımdan nəsə pis söz, söyüş çıxa bilər. Çünki məndə azarkeş çılğınlığı var, özümü saxlaya bilmərəm. Məşhur şərhçilər olub. Ozerovun ağzından söyüş də çıxırdı. Xokkey oyununu şərh edərkən bir dəfə söymüşdü də.

 

- İndiki şərhçilərdən kimlərisə bəyənirsizmi?

- Bir əhvalat danışım sizə. Altay Əliyevlə əvvəl bir yerdə işləmişik. İndi də dostuq. Altay tez-tez danışmağı bizdə şərhçiliyə birinci gətirən şəxsdir. Bir dəfə Altay Azərbaycan çempionatının oyununu şərh edirmiş. Bizim futbolçuları da bilirsiz də, mərkəzi yarım saata keçirlər. Altay həmin oyunda da tez-tez danışırmış. Ağasəlim Mircavadov da həmin vaxt "Neftçi"nin baş məşqçisi imiş. Fasilədə zəng edib Altaya ki, xəstəyəm getməmişəm oyuna, səsini televizordan eşidirəm. Deyib ki, Altay, qadan alım, bir az yavaş danış, uşaqlar çatdırıb sənin sürətinlə oynaya bilmirlər (gülürük). Şərhçilərin hamısı dostlarımdı. Biz istəyirik ki, hər şey birdən olsun. Fikrət Adıgözəlli dostumuzdu, böyük qardaşımızdı. Çox savadlı adamdı. Fikrət Adıgözəlli, sözün əsl mənasında, məktəbdi. O, təkcə futbolla kifayətlənmir, bütün idman növləri üzrə professordu. İllər öncə "Neftçi" burda "Srvena Zvezda"nı qəbul edirdi. Oyun başladı. "Neftçi" qızışıb, ilk dəqiqələrdə hesabı açdı. "Srvena Zvezda" da həmin vaxt elə-belə komanda deyildi. "Neftçi" birini vurdu, Fikrət dünyanı dağıdır. Adətən Fikrət sakit, təmkinli danışan idi. Ancaq bu dəfə başladı ki, budu "Neftçi" dünya səviyyəli komandanı dizi üstə çökdürür. Ardınca "Neftçi" birini yenə vurdu. Fikrət daha da coşdu. "Neftçi" ikinci qolu vurandan sonra keçdim o biri otağa. Bir də gördüm ki, Fikrət pafosla danışdığı yerdə birdən qayıtdı ki, bağışlayın, hörmətli tamaşaçılar, top "Neftçi"nin qapısından keçir. Bir qədər keçdi. Fikrət "Neftçi" 2:1 hesabı ilə qabaqdadı dediyi vaxt yenə qayıtdı ki, bağışlayın, hörmətli tamaşaçılar, hesab bərabərləşir. İki dəqiqə sonra "Srvena Zvezda" birini yenə vurdu və "Neftçi" 2:3 hesabı ilə uduzdu (gülür).

 

- Hazırkı futbolçularımızdan kimləri tanıyırsız?

- Sağ olsun, Qurban Qurbanov. Onun hesabına son illər azərbaycanlı futbolçuları da tanıdıq. Rəşad Sadıqov köhnəlib, onu hamı tanıyır. Qara Qarayevin adını çəkə bilərəm. Mən o adda, soyadda təkcə bəstəkar tanıyırdım. Getdim, gördüm ki, belə bir oyunçumuz da var.

 

- Futbolçu dostlarınız necə, varmı?

- Vidadi Rzayevlə dostam. Gəncəyə gedəndə onu Aşıqlıdan götürürəm, ova gedirik. Vidadinin yaxşı itləri var. Salırıq qabağımıza, gedirik kəklik vurmağa. Mahmud Qurbanovla da dostuq. Ceyhun Tanrıverdiyev var idi. O, mənim anamın əmisioğludur. Vidadiylə balığa da gedirik. Doğrudan da, Vidadi kefdir. Başımıza gələn çox məzəli hadisə var, amma onu danışmazlar. Çünki ov edəndə hərdən qanunu pozursan axı. Onları danışsam, Vidadini gedib tutarlar (gülürük).

 

- Bildiyim qədərilə, "Fənərbaxça" azarkeşisiz. Maraqlıdı, bu sevgi necə yarandı?

- 20 ildən çoxdu ki, "Fənərbağça" azarkeşiyəm. 1989-cu il idi. Atam Yüngül Sənaye Nazirliyində işləyirdi. O vaxt "Fənərbağça"nın prezidenti Ali Şen idi. Həmin ildə Türkiyədən Azərbaycana böyük bir heyət, "Maqa" firması gəlmişdi. O şirkət də Ali Şenə məxsus idi. Azərbaycan SSRİ-nin Yüngül Sənaye Nazirliyi ilə onların arasında əlaqə başlamışdı. İlk dəfə o vaxt "Fənərbaxça" haqda eşitdim. Həmin firmada Sami Yavrucuk adlı bir kişi var idi. Sonra belə oldu ki, mən Türkiyədə oxudum. Atam yanıma gələndə onlar görüşürdülər. O da güləş federasiyanın İstanbulda hansısa təşkilatının rəhbəri idi. Sami Yavrucuk mənə "Fənərbaxça" köynəyi, bir də komandanın futbolçularının birgə şəklinin əks olunduğu plakatı bağışlamışdı. O vaxtdan "Fənərbaxça"ya sevgim yarandı.

 

- "Fənərbaxça" və "Qalatasaray" azarkeşləri arasında qıcıq, soyuq müharibə var. Siz də o azarkeşlərdənsiz, yoxsa sülh tərəfdarısız?

- Mən həmişə zarafat tərəfdarı olmuşam. Dostlarımın yarısından çoxu "Qalatasaray"lıdır. "Qalatasaray"lılar çoxdu da Azərbaycanda. Komanda UEFA kubokunu alandan sonra yeni nəsil "Qalatasaray" tərəfdarı oldu. Elə çalışdığım iş yerində rəhbərliyin hamısı "Qalatasaray"lıdır. Yalnız mənəm onlarla mübarizə aparan (gülür). İş yoldaşımız İlkin Əhməd də "Fənərbaxça"lıdır. Ancaq hərdən "Qalatasaray"lı olur. Onun ipinin üstünə odun yığmaq mümkün deyil. Arada hətta "Beşiktaş"lı da olur (gülürük). "Fənərbaxça"nın "Qalatasaray"la oyunlarını stadiondan izləmişəm. Orda futbola baxmaq həm adrenalin, həm əhval-ruhiyyədir, həm də təhlükəlidir. Türklər dəhşətli dərəcədə çılğındırlar. O adamlar stadiona özləri ilə bıçaq keçirirlər. Onu da deyim ki, bizim stadionlarda təhlükəsizlik qaydaları hələ o səviyyədə deyil. Nə istəyirsənsə, keçirmək olar. Orda adamı, bilirsiz, necə yoxlayırlar? Bununla belə, yenə nəsə keçirə bilirlər.

 

- "Qalatasaray" tərəfdarları ilə mübahisəniz heç olmayıb?

- Bir dəfə "facebook"da "Qalatasaray"lılar düşmüşdülər "Fənərbaxça"lıların üstünə ki, nə bilim, biz kubok qazanmışıq filan. Mən də hələ qıraqdan baxıram, söhbətə müdaxilə etmirəm. Nahar vaxtı idi, ürəyimə pomidor-yumurta düşmüşdü. Gözümün qabağına pomidor-yumurta gəlirdi. Onun da rəngi qırmızı-sarıdı axı. Həmin söhbətdə rəylərin birinin altında yazdım ki, "Qalatasaray"ın formasını görəndə pomidor-yumurta düşür yadıma (gülür). O vaxtdan bu söhbət məşhurlaşdı. Ondan sonra "Qalatasaray"lıların səsi yatdı bir az.

Bir maraqlı əhvalat da danışım. Bir dəfə Bakıdakı türk şirniyyat dükanlarından birinə paxlava almağa getmişdim. İçəri girmək istəyəndə gördüm ki, qapının ağzında “Qalatasaray”ın bayrağı asılıb. Girmədim. Uzaqlaşmaq istəyəndə dükanın türk sahibi soruşdu ki, niyə qayıtdınız, gəlin, içəri keçin. Dedim ki, o bayrağı çıxarsan, girərəm. Dedi yox, əsla, çıxara bilmərik, biz “Qalatasaray”lıyıq. Cibimdən 100 manat çıxarıb ona göstərdim. Dedim ki, əgər çıxarsan, dükandan 100 manatlıq alver edəcəm. Adam bir pula baxdı, bir bayrağa. Qayıtdı ki, cocuqlar o bayrağı endirin. Bax, budu “qalatasaraylılar” (gülürük).

 

- Türkiyə futbolu son vaxtlar enişdədi. Yəqin razılaşarsız...

- Bir komanda həmişə güclü olmalı deyil ki. Kimin ağlına gələrdi ki, Braziliya son dünya çempionatında Almaniyaya 1:7 hesabı ilə uduzacaq? Ümumiyyətlə, sonuncu mundial mənim xoşuma gəlmədi. Almanlar maşınlarını saldılar "xoda", biçə-biçə getdilər. Yeri gəlmişkən, Almaniya dünyada ən zəhləm gedən yığmalardan biridi. Əla komandadı. Sadəcə, qarşısındakını qoymur oynamağa. Mənim belə futbol xoşuma gəlmir. Mən ingilisləri xoşlayıram. İtalyanların özlərinə simpatiyam var, millət kimi. Taktik futbol oynayırlar. İtaliya ömründə 0:3 hesabı ilə uduzmur. Bir, uzağı iki qol vura bilərsən onlara. Beton, "katenaçço" müdafiəsini yarmaq mümkün deyil. Diktə futbolundan xoşum gəlmir. Hollandların total futbolunu bəyənirəm. Əsl mübarizəyə baxırsan. Hollandlarla ingilislər oynasalar, zövqlə baxaram.

 

- Avropa klublarından kimə azarkeşlik edirsiz?

- Həmişə "Liverpul"a azarkeşlik etmişəm. İndi bir balaca zəifləyiblər. İspaniyada isə "Atletiko"ya. Bunun səbəbi formalarının üstündəki yazı deyil. "Atletiko"ya 20 ildir azarkeşlik edirəm. Mən heç vaxt "Real" və "Barselona"ya azarkeşlik etməmişəm. Düzdü, hər ikisi əla oynayır, oyunlarından həzz alırsan. Sanki tamaşaya baxırsan. "Atletiko"ya ona görə azarkeşlik edirəm ki, bir ölkənin futbolu təkcə 2 komandadan ibarət olmasın. Mən həmişə Avroliqanı Çempionlar Liqasından üstün tuturam. Orda daha yaxşı oyunlar gedir. Biri var çempionluğu qazanmış komandalar oynayır. Onlar Çempionlar Liqasında uduzsalar belə, öz ölkələrində mövsümü çempion kimi başa vurublar. Ancaq çempion ola bilməyənlər gəlib Avroliqaya düşürlər və istəyirlər ki, burda kubok qazansınlar. Onlar daha istəkli olurlar.

 

- Müasir futbolçulardan hansının oyunundan daha çox həzz alırsız? Bir də Messi-Ronaldo müqayisəsində kimi üstün sayırsız?

- Neymardan xoşum gəlmir. Müqayisəyə gəldikdə mən Messi deyirəm. Onun oyun tərzi daha çox xoşuma gəlir. Ronaldo da əla futbolçudur. Ancaq Messini bəyənirəm. Ona "ikinci Maradona" deyirlər. Maradonanın etdiyi hər iki məşhur hərəkətin oxşarını elədi. Sadəcə olaraq, Maradona ingilislərə vurduğu qolda bütün futbolçuları aldadıb topu qapıdan keçirəndən sonra yıxılmışdı, amma Messi yıxılmadı. Yıxılsaydı, eynilə təkrarı olacaqdı (gülürük). Bundan əlavə, Messi Maradona kimi əllə də qol vurdu.

 

- Bəziləri Messinin Maradonanı da geridə qoyduğunu düşünür. Bu fikirlə razısızmı?

- Yox, yox. Əvvəlki futbolçular başqa idi. Bəlkə də, bizim ən çılğın azarkeşlik etdiyimiz vaxtlarda onların oyununu görmüşük deyə, düşünürük ki, indikilər həmin futbolçulara çata bilməz. Fransada 3 oyunçu deyə bilərəm ki, onlar yığmalarında çox oynamayıblar. Erik Kantona, David Jinola, Jan Mari Papen. Bunların üçü də dəhşətli dərəcədə, əla futbolçular idi. Onlar ən yüksək səviyyədə olduqları vaxtda millidə oynasaydılar, Fransa bir neçə dəfə çempion olardı. Braziliyada Sokrates var idi, həkim idi. Karekanı da bəyənirdim. Alemaonu da xatırlayıram, 5 nömrə idi. Argentinada 1986-cı ildə Valdano, Burruçaqa kimi oyunçular var idi.

 

- "Qızıl top"u son illər bir qayda olaraq, Messi və Ronaldonun qazanması sizi bezdirməyib?

- Mən "Qızıl top"u böyük məmnuniyyətlə, Xaviyə verərdim. Bir neçə il bundan əvvəl Xavi oynamayanda "Barselona" öz oyununu göstərə bilmirdi. Həmin vaxt mükafatı ona vermək olardı. Çünki komandanın bel sümüyüdü. Həm "qara", həm də yaradıcı işləri görür. İndi futbol nəticəyə hesablanıb. Kim çox qol vurdu, kim çox çempion oldu, əsas bunlar götürülür. 1:0 olsun, bizim olsun. Bunu da bilirsiz kim elədi? Joze Mourinyo. Adam riyaziyyatçıdır, onun üçün əsas nəticədir. Bir neçə komandanı çalışdırdı, hamısında da eyni oyun üslubunu tətbiq etdi. Hamısı nəticəyə oynayırdı. Mourinyo kimi məşqçilər futbolu gətirib bu yerə çıxardı. Onu bəyənmirəm. Futbolu gərək kişi kimi oynayasan. Mən pul verib oyuna baxmağa gəlmişəm, məni də fikirləş də (gülür).

 

- Ürəyinizdən nə vaxtsa futbolçu və ya məşqçi olmaq istəyi keçibmi?

- Məşqçi daha məsuliyyətli işdi. Ola bilsin, uşaqlıqda futbolçu olmaq arzum olub. Amma yaxşı ki, olmamışam. İndi 41 yaşım var, futbolçu olsaydım, 3-4 il qabaq karyeramı bitirərdim. Və mənim oynadığım dövr bizim futbolun pis, pulsuz vaxtına düşəcəkdi. İndi-indi futbolçularımız yaxşı maşınlar sürürlər. Amma xarici futbolçulara - Messiyə, Pikeyə adam həsəd aparır. Qəşəng qızlarla gəzirlər (gülürük). Biz də onların yerində olsaydıq, Şakira ilə gəzirdik, kef eləyirdik (gülürük).

 

- Berti Foqts göndərildikdən sonra Azərbaycan yığmasının baş məşqçi postuna Robert Prosineçki gətirildi. Ondan nə gözləyirsiz? Ümumiyyətlə, millinin oyunlarını izləyirsizmi?

- Millinin oyunlarını izləyirəm. Amma Malta kimi komandayla oynayanda baxmıram. Prosineçkinin özünün oyununu görmüşəm, möhtəşəm futbolçu idi. "Srvena Zvezda"da çıxış edirdi. Səhv etmirəmsə, 1991-ci ildə finalda "Milan"ı 1:0 udub Çempionlar Kubokunu qazanan heyətdə o da yer alıb. Sonra həmin oyunu şübhəli matç adlandırdılar. Onda "Milan"da Marko van Basten, Rud Qullit kimi oyunçular çıxış edirdi. Özümüzkülər oynamasa, mümkün deyil. Nə vaxta qədər legionerlər oynayacaqlar? Sən hələ bir öz oyunçularını yetişdir. Hər il uşaq məktəbi, uşaq məktəbi deyirlər, ortada bir şey yoxdu. Bəs nə vaxt olacaq, eləyin də. Bu gün, sabah ölüb gedəcəm. Mən Azərbaycanda bir normal futbol görüm də, gözümün qurdu ölsün də (gülür). Problemin kökündə məşqçi dayanmır. "Barselona"nı kim çalışdırır? Luis Enrike. Qvardiola nə məşqçi idi, neyləmişdi? "Barselona"ya indi məşqçi lazımdı? Kompektləşmiş komandadı. Mən demirəm ki, "Barselona" düzəldək. Amma nəsə olmalıdı da. Nə bilim e, bizdə təyinatlar da yerində deyil.

 

- Hansı təyinatları nəzərdə tutursuz?

- Yazıçını da gətirib kluba rəhbər qoyurlar? Bu gün, sabah mən də hansısa xəstəxanaya baş həkim gedərəm (gülür).

 

- Sizə hansısa klubu çalışdırmaq təklifi gəlsə, razılaşarsızmı?

- Yox, yox. Axı o işi bilmirəm. Məni kağız-kuğuzdan, klaviaturadan ayırma (gülürük).

 

0