Avropa Liqasının I təsnifat mərhələsində çıxış edən hər iki Azərbaycan klubu turu adlayıb. Apasport.az saytının məlumatına görə, Serbiya “Mladost”unu keçən (3:0, 2:0) “İnter” tarixində 8-ci dəfə bunu bacarıb.
Paytaxt klubu keçilən mərhələ sayında “Qəbələ”yə çatıb. Yalnız “Qarabağ” (17) və “Neftçi” (9) daha çox uğur qazanıb.
Lüksemburq “Differdanj”ını zərərsizləşdirən (2:0, 2:1) “Zirə” isə debütdə bunu reallaşdırıb. “Zirə” mərhələ adlayan 10-cu komandamız kimi tarixə düşüb.
Belə ki, avrokubokda oynamış 18 komandadan 8-nin belə uğuru yoxdu. “Zirə” həm də “İnter”dən sonra debütdə tur keçən 2-ci komanda kimi tarixə düşüb.
“Xəzər Universiteti” adlandığı vaxt mərhələ keçən bakılılar 2004/05 mövsümündə Avstriya “Kazino”sundan güclü olmuşdu – +:-, 2:1.