8 futbolçu Topaz Premyer Liqasının XXIV turunu buraxacaq. Apasport.az saytının məlumatına görə, hesabat turunun qarşılaşmalarından sonra 2 oyunçu qırmızı, 6-sı isə sarı vərəqə üzündən cəzalı duruma düşüb.
Ən böyük itki ilə AZAL üzləşib. Paytaxt klubu meydandan qovulan Qvanzav Maqomedov və 4-cü dəfə xəbərdarlıq alan Murad Səttarlını itirib. “Rəvan”la matçda cəzalanan cütlük “Xəzər Lənkəran”la səfər matçında forma geyinə bilməyəcək.
Elə “Rəvan “da paytaxt derbisindən itki ilə ayrılıb. 4-cü sarı vərəqəsini alan Saşa Yunisoğlu “Kəpəz”ə qarşı ev görüşündə çıxış etməyəcək. Gəncə təmsilçisi isə kapitanı Tural Axundovdan yararlana bilməyəcək. O, “Sumqayıt”la görüşdə 4-cü “sarı”sını alıb.
“İnter” - “Qarabağ” görüşündə isə 2 futbolçu cəzalı duruma düşüb. Ehtiyatda qalıb, sarı vərəqə alan Giorgi Lomaya 4-cü dəfə önündə xəbərdarlıq görüb. Onun hesabında əlavə bir qırmızı vərəqə də var. Gürcüstanlı “Sumqayıt”la səfər matçında “18-lik”dən kənar qalacaq. 4-cü dəfə cəzalanan Coşqun Diniyev isə “Zirə”yə qarşı forma geyinməyəcək.
Debütant da lider önünə itki ilə çıxmaq məcburiyyətindədi. Bakılılar sarı vərəqə sayını “Neftçi” ilə matçda 4-ə çatdıran Nicat Qurbanovu itirib. Bu qarşılaşmada meydandan qovulan Cavid İmamverdiyev isə “ağ-qaralar”ın “Qəbələ” ilə ev oyununda “istirahət edəcək”.
Qeyd edək ki, növbəti turun oyunları martın 5-də baş tutacaq.