[b]“İnter” xal itirmir, “Neftçi” darmadağın olur[/b]
08.02.2017 - 15:34
[b]“İnter” xal itirmir, “Neftçi” darmadağın olur[/b]

Azərbaycan Premyer Liqasının XVII turunun “İnter”lə “Neftçi” arasında mərkəzi oyununun baş hakimi Əliyar Ağayev mövsümdə 12-ci çempionat matçını idarə edəcək. Apasport.az saytının məlumatına görə, FİFA referisinin əvvəlki 11 matçı meydan sahibi olan komandalar üçün daha uğurlu alınıb.

 

Belə ki, 6 qələbə qazanıb, 3 heç-heçə edən ev sahibi komanda yalnız 2 dəfə uduzub. 36 sarı vərəqə göstərən Ağayev 20 dəfə meydan sahibi 16 dəfə qonaqları cəzalandırıb. Onun göstərdiyi 3 qırmızı vərəqədən ikisi qonaqların hesabındadı. 5 penaltidən 3-ü meydan sahiblərinin lehinə olub.

 

Ağayev cari mövsümdə 4 dəfə “İnter”in, 2 dəfə “Neftçi”nin matçında fit çalıb. Onun idarəçiliyi ilə “İnter” xal itirmir, “Neftçi” darmadağın olur.

 

“Qarabağ”la səfər matçında 0:3, Qəbələdə isə eyniadlı komandaya 1:4 hesabı ilə uduzan “ağ-qaralar” FİFA hakiminin idarəçiliyində məğlub olub. Bakıdakı görüşdə vərəqə və penaltidən yararlanmayan referi əyalətdəki qarşılaşmada hər komandanı 2 xəbərdarlıqla cəzalandırıb.

 

“İnter” Ağayevin idarəçiliyində xal itirməyib. Bakılılar “Qarabağ” (2:1) və AZAL-ı (3:0) evdə, “Sumqayıt”la (2:1) AZAL-ı (3:1) səfərdə məğlub edib. Referi “İnter”ə 11, rəqiblərinə 5 sarı vərəqə göstərib. Paytaxt təmsilçisinin lehinə 2 penalti təyin edən Ağayev onlara 1 dəfə say üstünlüyü də qazandırıb.