[b]“İnter” Zirədə uduzmasa...[/b]
07.04.2017 - 10:01
[b]“İnter” Zirədə uduzmasa...[/b]

Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün sonuncu mükafatçısı erkən müəyyənləşə bilər. Apasport.az saytının məlumatına görə, həftəsonu start götürəcək XXV turda ilk “üçlük”də yer alacaq son komandanın adına aydınlıq gəlməsi mümkündü.

 

Artıq medalçılar sırasına düşdüyü rəsmiləşən “Qarabağ”la “Qəbələ”yə qoşulacaq son komanda olmağa “İnter” yaxındı. Hazırda 42 xalla 3-cü pillədə qərarlaşan bakılılar ən yaxın izləyicisi “Zirə”ni 10 xal qabaqlayır.

 

Qarşıdakı tur da bu iki komandanı üz-üzə qoyacaq. Paytaxt derbisində uduzmasa, Zaur Svanadzenin yetirmələri mükafatçılar sırasında yerini təmin edəcək. Qələbə və ya heç-heçə etməsindən asılı olmayaraq, qazanılacaq medalın əyarına isə son turlar aydınlıq gətirəcək.

 

Zirədə baş tutacaq medal “dava”sı meydan sahiblərinin mükafatçılar sırasına düşmək üçün son şans da ola bilər. Ötən mövsümün gümüş medalını qazanan qəsəbə klubu imkanlarını indidən itirməmək üçün mütləq qalib gəlməlidi.

 

Turun ikinci günündə - aprelin 10-da keçiriləcək qarşılaşma “İnter”in çempionluğa nəzəri şanslarını itirməsi ilə də nəticələnə bilər. Bakı klubu uduzsa, digər oyunlardan asılı olmayaraq 1-ci yer şansını itirəcək. Belə olan vaxt “Qarabağ”ın qızıl və gümüşdən birini qazanacağı dəqiqləşəcək.

 

“İnter” uduzmasa və bununla ilk “üçlük”də yerini təmin etsə də, qızıl şansını itirə bilər. Bunun üçün “Qarabağ”ın “Qəbələ” ilə ev matçının nəticəsi önəmlidi. Paytaxt klubu da, ağdamlılar da qalib gəlsə, Qurban Qurbanovun yetirmələri ilk 2 yerdən birini təmin edəcək. Sabiq “bankirlər”in 1 xal qazanacağı halda isə əyalət klubunun uduzmaması “İnter”in qızıl xəyalının üstündən xətt çəkəcək. Amma bu variant sonunculara gümüşlə bürüncdən birini qazanmaq təminatı da verir.

 

Qeyd edək ki, 5-ci pillədə qərarlaşan “Sumqayıt” 3-cü yerdən 14 xal geri qaldığından medal şansını itirib. Bunu aşağı pillələrdə qərarlaşan digər komandalara da şamil etmək mümkündü.