Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”la qarşılaşacaq “İnter” matça ciddi itkilərlə hazırlaşır. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “bankirlər” gündə bir dəfə olmaqla “İnter Arena”da məşqlərini davam etdirirlər.
Dünəndən qarşılaşmanın hazırlığına başlayan paytaxt təmsilçisinin 5 üzvü “Qarabağ”la kubok görüşünü də buraxacaq. Bunlar qapıçı Kamran Ağayev, müdafiəçi İlkin Qırtımov, yarımmüdafiəçilər Nizami Hacıyev, Elnur Abdullayev və hücumçu Sezar Meza Kollidi.
Ağayev kollektivlə birgə məşqlərdə iştirak etməsinə baxmayaraq, hələ hazır deyil. Ağdam klubuna qarşı son çempionat oyununu zədə ucbatından buraxan Meza Kolli də komandaya qoşulub. Lakin paraqvaylı forvard cəzalı olduğu üçün birigünkü oyunu da buraxacaq.
Hacıyev hələ müalicə alırsa, Qırtımov fərdi məşqlərlə kifayətlənir. “Qarabağ”la aprelin 22-dəki oyundan əvvəl məşqdə zədələnən Abdullayev də yalnız fərdi hazırlıq keçə bilər.
Adıçəkilən oyunçuların hamısı yarımfinal mərhələsinin ilk qarşılaşmasında məşqçilər korpusunun ixtiyarında olmayacaq.
Qeyd edək ki, aprelin 27-də keçiriləcək “İnter” – “Qarabağ” oyunu saat 16:00-da başlayacaq.