“İnter” Azərbaycan kubokunda yubiley qeyd edəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi turnirdə 80-ci matçına çıxacaq.
“Bankirlər” 2015/16 mövsümünün 1/4 finalının bu gün “Rəvan”la səfərdə keçiriləcək matçına qədər 79 kubok oyununda qüvvəsini sınayıb. Bu turnirdə 1999/2000 mövsümündə debüt edən “İnter” 2004-cü ilədək “Xəzər Universiteti” adı altında çıxış edib.
Bugünkü yubiley matçınadək 40 qələbə qazanan paytaxt təmsilçisi 20 heç-heçə edib və 19 dəfə məğlub olub. 134 qol vuran “bankirlər” öz qapısından 78 top buraxıb.
“İnter” bu oyunların 38-ni evdə, 37-ni səfərdə, 4-nü neytral meydanda keçirib. Bu da komandanın finala yüksəldiyi 2005, 2008, 2009 və 2011-ci illərə təsadüf edib.
Qeyd edək ki, bu gün baş tutacaq “Rəvan” – “İnter” matçı “Bayıl Arena”da keçiriləcək.