Topaz Premyer Liqasının XXXI turunda “Qarabağ”ın qonağı olacaq “İnter” liderlə qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “bankirlər”in 4 aparıcı oyunçusu prinsipial görüşdə meydana çıxa bilməyəcək.
Zədədən əziyyət çəkən hücumçu Sezar Meza Kolli bu gün və ya sabahdan məşqlərə başlayacaq. Ancaq paraqvaylı oyunçu “Qarabağ”la qarşılaşmanı buraxacaq. Ölkə kubokunda passivində 2 sarı vərəqə olan Meza Kolli Ağdam klubu ilə aprelin 27-dəki yarımfinal mərhələsinin ilk görüşünü də kənardan izləməli olacaq. Futbolçu yalnız mayın ilk günlərindəki XXXII tur matçında məşqçilər korpusunun ixtiyarında olacaq.
Ayağındakı gips açılan qapıçı Kamran Ağayev məşqlərə başlayıb. Yüngül qaçışlarla kifayətlənən milli komandamızın qolkiperi yalnız aprelin sonlarında tam gücü ilə məşqlərdə iştirak edə biləcək.
“Bankirlər”in digər zədəli futbolçusu Nizami Hacıyev isə hələ də müalicə alır. Həkimlər komandanın kapitanının bir həftədən sonra fərdi məşqlərə başlayacağını bildiriblər. Bu isə o deməkdi ki, həm Nizami, həm də Kamran ən yaxşı halda may ayında, yəni mövsümün sonlarında “İnter”in formasını geyinə biləcəklər.
Ötən turda “Kəpəz”lə qarşılaşmada zədələnən müdafiəçi İlkin Qırtımov da mayın əvvəllərindən sıraya dönəcək.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu aprelin 22-də keçiriləcək.