[b]“İnter”in prezidenti İsveçrədə kimlərlə görüşüb?[/b]
19.04.2016 - 10:56
[b]“İnter”in prezidenti İsveçrədə kimlərlə görüşüb?[/b]

“İsveçrədə cəmi bir gün qaldım. Bu müddətdə bizim işə baxan şirkətlərlə görüşdüm”. Bunu apasport.az saytına “İnter” klubunun prezidenti Rəşad Qasımov deyib.

 

Martın 30-da UEFA tərəfindən bir illik avrokuboklardan kənarlaşdırılan “bankirlər” apellyasiya üçün artıq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Bununla bağlı klub rəhbəri ötən həftə İsveçrəyə yollanmışdı.

 

Qasımov klubun sponsorunun ordakı tərəfdaş şirkətləri ilə görüş keçirib və “İnter”in təmsili üçün onlara sənədləri təqdim edib: “İnter”i təmsil edən bir şəxs kimi, lazımi sənədlərin hamısına qol çəkib onlara təhvil verdim. Apellyasiya üçün məhkəməyə müraciət etmişik. Həmin sənədlərdə borcların ödənilməsi yolunda gördüyümüz işlər, futbolçularla razılıqlar öz əksini tapıb”.

 

“Bankirlər”in prezidenti UEFA-nın kəsdiyi cəzanın ləğvinə hələ də ümidlərini itirmədiklərini söyləyib: “Hüquqşünaslarda ümid yeri hər zaman var. Bu məsələnin necə və nə zaman nəticələnəcəyini hələ bilmirik. İnşallah, hər şey bizim üçün yaxşı olar. İndi son söz məhkəmənindi”.