“Kəpəz” “Qarabağ”ın tarixinə ən böyük “qapazaltı” kimi düşməyə yaxındı. Apasport.az saytının məlumatına görə, artıq 17 oyundu ağdamlıları xalsız qoya bilməyən “Kəpəz” “ağ-göylər”in ən münasib iki rəqibindən birinə çevrilib.
Söhbət eyni komanda ilə qarşılaşmalardakı məğlubiyyətsizlik seriyasından gedir. 14 ildi hər matçda rəqibindən xal alan “Qarabağ” artıq “Kəpəz”i öz “abunəçi”sinə çevirib.
2002-ci il aprelin 6-da öz meydanında 3:0 hesabı ilə qalib gələn qərblilər sonrakı 17 oyunda cəmi 3 xal əldə edib, rəqibinə 48 xal verib.
Noyabrın 19-da keçiriləcək matçda “Kəpəz” 5341 günlük həsrətə son qoyub, qalib gəlməsə, “Qarabağ”ın rekordu təkrarlanacaq. Sonuncuların şəxsi rekordu isə Azərbaycan futboluna “abunə” ifadəsini bəxş edən bolqarıstanlı Georgi Nikolovun vaxtilə prezidenti olduğu “İnter”lə duellərində yaşanıb.
Düzdü, Nikolov hər matçda qalib gəldiyi rəqibi “abunəçi” hesab edirdi. Amma daha uzun müddət hər qarşılaşmada xal vermək, yəni qələbə qazanmamaq da “abunə”nin daimi forması hesab edilir. “İnter” isə 18 matçda “Qarabağ”a xal verib.
Bu, Ağdam klubunun tarixində mütləq rekorddu. 2015-ci il mayın 22-də 2:1 hesablı ev qələbəsi ilə sindromu qıran bakılılar 2010-cu il sentyabrın 11-dən sonrakı 18 görüşdə qalib gəlməmişdi. Həmin 18 matçda 8 heç-heçə edən “bankirlər” 10 dəfə yenilmişdi.
Lakin bu seriya da Azərbaycan çempionatlarının mütləq rekordu deyil. Ölkə futbolunun ən böyük “abunə”si “Kəpəz”in MOİK-lə görüşlərinə təsadüf edib. Paytaxt təmsilçisi tarixi ərzində qərblilərə qalib gəlməyib. Söhbət Premyer Liqa oyunlarından gedir. Burada keçirilən 22 matçda 17 qələbəsi olan Gəncə klubu 5 dəfə 1 xalla kifayətlənib. Bu rekord seriyanın top fərqi 53-9-du.
Azərbaycan futbolunda bir komandanın heç vaxt qalib gəlmədiyi daha iki cüt diqqət çəkir. “Şəfa” “Neftçi”, “Kür-Nur” isə “Turan”la duellərdə qələbəsizlik həsrəti yaşayaraq, fəaliyyətini dayandırıb. Paytaxt derbisində 16, əyalət klublarının matçlarında isə 15 dəfə keçirilən oyunların əbədi üzgün tərəfi olub. “Şəfa” 3, mingəçevirlilər isə 5 heç-heçə ilə təsəlli tapıb. Üstəlik, bu komandaların hərəsi bir texniki məğlubiyyət də alıb ki, həmin nəticə qələbəsizlik seriyasında nəzərə alınmayıb.
Daha üç cütdə bir komandanın 16 oyunluq qələbə həsrəti yaşanıb. MOİK “Neftçi” və “Qarabağ”la son 16 çempionat qarşılaşmasında xalpaylayıcı funksiyasını yerinə yetirib. Aşağı dəstədə çıxış edən “hərbçilər” Premyer Liqaya dönəcəyi vaxt seriyanı qırmağa çalışacaq.
Artıq tarixin yaddaşına köçən “Turan” son 16 görüşdə “İnter”i xalsız qoya bilməyib. Bu seriya isə heç vaxt qırılmayacaq. Çünki Tovuz klubu artıq yoxdu və onun əvəzində 2-ci dəfə yeni klub yaradılıb. Öncə “Turan-T”, sonra isə indiki “Turan-Tovuz” yaradılsa da, 1992-ci ildə əsası qoyulan və avrokuboklardakı ilk təmsilçimiz olan klub bərpa edilməyib. Qərblilər “İnter” kimi “Bakı”ya da “borclu” qalıb. Həvəskarlar liqasınadək yuvarlanan “zolaqlılar” son 15 görüşdə bu rəqibinə xal verməmişdi.
“Neftçi”nin əyalət təmsilçiləri “Kür-Nur” və “Şahdağ”la matçlarda da 15 oyunluq məğlubiyyətsizliyi var. Qələbə nə olduğunu bilməyən bu iki komandadan sonuncular 1, mingəçevirlilər isə 2 dəfə heç-heçəyə seviniblər. “Ağ-qaralar”ın hər iki komanda ilə bir texniki nəticəsi var ki, bu da seriyalara təsir etmir.
Qeyd edək ki, “Qarabağ” “Kəpəz”ə uduzub, seriyasının qırılmasına üzülsə, hər ikisi Premyer Liqada olanların iştirakı ilə rekord “Qəbələ”nin “Sumqayıt”la görüşlərinə keçəcək. 2013-cü il avqustun 19-da səfərdə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” 13 görüşdü rəqibinə yenilmir.