Topaz Premyer Liqasının XXIV turunda “Rəvan”ın qonağı olacaq “Kəpəz” heyətlə bağlı növbəti problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Gəncə klubunun qapıçısı Tadas Simaitis bu görüşü buraxa bilər.
Belə ki, litvalı qapıçının sağlamlığı ilə bağlı problem yaranıb. Dünən halı pisləşən Simaitisdə qusma müşahidə olunub. Tadasın yoluxucu xəstəlik olan qripə tutulması ilə yanaşı, zəhərləndiyi ehtimal edilir.
Baş məşqçi Şahin Diniyev 25 yaşlı çərçivə qoruyucusunu bugünkü məşqdən azad edib. Həkimlərin nəzarəti altında olan Simaitisin “Rəvan”a qarşı oynayıb-oynamayacağı hələ müəyyənləşməyib. Qolkiper həmin vaxta qədər sağalacağı təqdirdə, meydana çıxa biləcək.
“Kəpəz”in daha bir aparıcı üzvü Junior Osvaldo Martins isə fərdi məşqlərə start verib. Braziliyalı yarımmüdafiəçinin vəziyyətinə günün sonunda dəqiqlik gələcək. Juninyo ayağında ağrı hiss etməsə, məşqçilər korpusu “Rəvan”la matçda ona şans verəcək. “Sambaçı” ən pis halda, XXV turda “Xəzər Lənkəran”la keçiriləcək oyuna tam hazır olacaq.
Qeyd edək ki, bazar günü “Bayıl Arena”da baş tutacaq “Rəvan” – “Kəpəz” matçı 16:00-da start götürəcək.