“Əgər Çempionlar Liqasında iştirak hüququ əldə etmişiksə, hansı rəqiblə oynayacağımız bizim üçün maraqlı olmamalıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Viktoriya”nın futbolçusu Roman Hübnik deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibini gözləyən Çexiya təmsilçisi ya Azərbaycan çempionu “Qarabağ”, ya da Lüksemburq birincisi “Düdelanj”la üz-üzə gələcək.
Bununla bağlı klubun rəsmi saytına açıqlama verən Hübnik maraqlı fikirlər səsləndirib. 32 yaşlı mərkəz müdafiəçisi rəqiblər arasında seçim aparmağın önəmli olmadığını bildirib: “Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməliyik. Odu ki, III mərhələnin oyunlarına yaxşı hazırlaşmalıyıq. “Qarabağ”la “Düdelanj”ın cavab görüşü təbii ki, baş məşqçi üçün böyük önəm kəsb edir. Məşqçilər korpusu məhz buna əsasən, rəqib barədə məlumat toplayır. Biz futbolçular üçün də həmin görüşü izləmək faydalı olacaq. Bununla, hər iki komandanın oyun tərzini, standart vəziyyətlərdə necə davrandıqlarını və digər tərəflərini öyrənmiş olacağıq.
Qeyd edək ki, Hübnik 2009-cu ildən Çexiya yığmasının da şərəfini qoruyur.