“Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov Topaz Premyer Liqasının XXII turunda “Zirə” ilə keçirilən səfər matçından (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə millimizin üzvü ölkə kubokundakı şanslarını da dəyərləndirib.
- Nəticə sizi razı saldı?
- Bura xal almağa gəlmişdik. Oyun gözləniləndən də ağır getdi. Təəssüf ki, qələbə qazana bilmədik.
- Baş məşqçi Roman Qriqorçuk fasilədə sizdən ən çox nəyi tələb etdi?
- Top saxlamağımızı istədi. İlk hissədə topları tez-tez itirirdik. Deyirdi ki, topla daha yaxşı davaranaq, belədə qol vəziyyətləri özü yaranacaq. İkinci hissədə baş məşqçinin dediklərini etdik. Rəqibi irəlidə sıxdıq, bir neçə qol şansı yaxaladıq və birini dəqiq tamamladıq.
- Bir neçə penalti epizodu oldu...
- Onu deyə bilərəm ki, hakim bizim iki penaltimizi vermədi.
- Sizin bu gün 3 xal qazanmağınıza hakim mane oldu?
- Penaltilərimizi versəydi, əlbəttə ki, qalib gələ bilərdik. Rəqibin də qol imkanları yarandı, Aqil Məmmədov qapıda yaxşı dayandı.
- Razısınız ki, çempionluq əldən gedib?
- Mübarizəni yenə davam etdiririk. Qarşıda oyunlar var. Amma çətin olacaq. Əsas diqqətimizi kuboka yönəltmişik.
- Ölkə kubokunun yarımfinalında “Neftçi” ilə qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?
- Əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, yaxşı təhlil edib, qələbə qazanaq.
- Son vaxtlar “Qəbələ” enişdə, “Neftçi” isə yüksəlişdədi. Bunları nəzərə aldıqda, çoxları “Neftçi”ni favorit görür...
- 1-2 oyun zəif oynamaq o demək deyil ki, bərbad vəziyyətdəyik. “Qara zolaq”dayıq, çalışacağıq kubok matçında bundan çıxaq. Məqsədimiz finala yüksəlməkdi.