“Ranyeri ilə yolları ayırmaq qərarı bizim üçün də ağır oldu. Amma rəhbərlik klubun maraqlarını nəzərə alaraq, hərəkət etməlidi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Lester” klubunun prezidenti Vişay Şrivaddanaprabxa deyib.
“Lester” italiyalı məşqçi Klaudio Ranyerinin gedişindən sonra keçirdiyi ilk oyunda “Liverpul” üzərində qələbə qazanıb – 3:1.
Bu qalibiyyətdən sonra futbolçuların Ranyeriyə “torba tikdiyi” haqda söz-söhbətlər artmağa başlayıb. Bununla bağlı Britaniya mətbuatına açıqlama verən Şrivaddanaprabxa məlumatı təkzib edib: “Qərarın verilməsində futbolçuların rolu olmayıb. Onları baş məşqçiyə pis münasibətdə günahlandırırlar. Əslində, futbolçular Ranyerinə sadiq idilər. Vəziyyəti dəyişmək üçün az vaxtımız qalıb”.
Qeyd edək ki, Premyer Liqada 26 turdan sonra 24 xal toplayan “Lester” turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.