Avropa Liqasının II təsnifat mərhələsində MTK səddini keçəcəyi halda, “Qəbələ”ni çox güclü sınaq gözləyəcək. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın III mərhələdəki potensial rəqibi olan “Lill”i, demək olar ki, hər kəs tanıyır.
Lill şəhərinin eyniadlı təmsilçisinin əsası 1944-cü ildə qoyulub. Sentyabrın 23-də 72 yaşını tamamlayacaq klub “Olimpik Lill” və “Fiv”in birləşməsindən yaranıb. Komanda ev oyunlarını 50 min 186 tamaşaçı tutumu olan “Stad Pyer Morua” arenasında keçirir. Klub “xəncərlər” ləqəbini daşıyır.
“Lill” tarixi ərzində 3 dəfə (1945/1946, 1953/1954, 2010/2011) Fransa çempionu adını qazanıb. 6 dəfə Fransa kubokuna sahib çıxan komanda Liqa-1-in ötən mövsümünü 5-ci pillədə başa çatdırıb.
Komandanı 55 yaşlı fransalı mütəxəssis Frederik Antonelli çalışdırır. Əsasını fransız futbolçular təşkil edən “Lill”də həmçinin, Nigeriya, Mali, Argentina, Mərakeş, Əlcəzair, Kape Verde, Fil Dişi Sahili, Monteneqro, Portuqaliya, Zambiya və Konqodan legionerlər çıxış edir. Komandanın ən məşhur futbolçularından biri isə AÇ-2016-nın finalında Portuqaliyanı çempionluğa daşıyan Ederdi. Ötən mövsümün ikinci yarısını icarə əsasında “Lill”də keçirən forvardın transfer hüququ yayda birdəfəlik alınıb.
“Qəbələ”nin rəqibi bu vaxta qədər avrokuboklarda ümumilikdə 102 oyun keçirib. Bunların 42-si Çempionlar Liqası, 48-i Avropa Liqası, 12-si isə İntertoto Kubokuna təsadüf edir. “Lill” 102 görüşdən 39-da qələbə qazanıb, 33-də heç-heçə edib, 30-da isə məğlubiyyətlə üzləşib.
“Lill”in avrokuboklardakı ən böyükhesablı qələbəsi 2009-cu ildə “Slaviya” (Praqa) ilə matçda qeydə alınıb. Fransızlar səfərdə keçirdikləri görüşdə 5:1 hesablı qələbə qazanıblar. Ən böyükhesablı məğlubiyyət isə 2012-ci ildə “Bavariya” ilə görüşdə qeydə alınıb: 1:6.
Avrokubok tarixində “Lill”in ən çox qol vuran futbolçusu Matt Mussilou olub – 9 qol.
Qeyd edək ki, “Qəbələ”nin “Lill”lə ilk oyunu iyulun 28-də Fransada, cavab görüşü isə avqustun 4-də Bakıda keçiriləcək.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA