[b]“Lill”də yarımmüdafiəçi problemi[/b]
04.08.2016 - 16:03
[b]“Lill”də yarımmüdafiəçi problemi[/b]

Avropa Liqasının III təsnifat mərhələsində bu gün “Qəbələ”nin qonağı olacaq “Lill” klubunun heyətlə bağlı problemləri var. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, 3 futbolçunun 8-ci km qəsəbə stadionunda meydana çıxmayacağı dəqiqdi.

 

Bakıya 21 oyunçu gətirən baş məşqçi Frederik Antonetti müdafiəçi Marko Başa, yarımmüdafiəçi Sofian Bufal və hücumçu Junior Tallonu Fransada saxlayıb. Xüsusən də, Bufalın yoxluğu məşqçilər korpusunu narahat edir. Mensk əməliyatından sonra sağalan 23 yaşlı pleymeyker hazırda bərpa prosesi keçir.

 

Digər mərakeşli yarımmüdafiəçi Munir Obbadinin iştirakı sual altındadı. İlk qarşılaşmada zədələnərək birinci hissədəcə əvəzlənən 33 yaşlı oyunçu Azərbaycana gətirilsə də, onun komandasına kömək edib-etməyəcəyi bəlli deyil. Obbadini start heyətində əlcəzairli Yassin Benzianın əvəzləməsi gözlənilir.

 

Yunuss Sankare və İbrahim Amadu isə oynamağa hazırdılar. Yüngül zədədən əziyyət çəkən orta sahə oyunçuları bərpa olunublar və baş məşqçiyə “hazırıq” mesajı göndəriblər. Ancaq yenə də son qərarı Antonetti verəcək.

 

Bundan başqa, istirahətdən yarımçıq qayıdan hücumçu Ederin də bu gün ilk “11-lik”də meydana çıxması gözlənilir. Rayan Mendes yaxşı formada olmasına baxmayaraq, Antonetti Portuqaliya yığmasına Avropa çempionluğunu qazandıran qolun müəllifinə daha çox güvənir.

 

Qeyd edək ki, “Qəbələ” – “Lill” oyunu saat 21:00-da başlayacaq. Təmsilçimiz ilk qarşılaşmada səfərdən qollu bərabərliklə (1:1) qayıtmışdı.