“I divizionda çıxış edən 7 klubun rəhbərliyi və məşqçisi ilə görüşdük. Bir çox məsələləri müzakirə etdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin (MK) sədri Vaqif Sadıqov deyib.
Mingəçevirdə Məşqçilər Komitəsinin üzvləri ilə I divizionun 7 klubu – “Ağsu”, “Mil-Muğan”, “Zaqatala”, “Turan-Tovuz”, “Şəmkir”, “Göyəzən” və “Energetik”in nümayəndələri arasında görüş keçirilib.
Sadıqovun sözlərinə görə, görüşün keçirilməsində məqsəd aşağı liqadakı problemlərlə yaxından tanış olmaqdı: “I diviziondakı vəziyyətlə yaxından tanış oluruq. Onların fikirlərini dinlədikdən sonra tövsiyə xarakterli layihə hazırlayıb, AFFA rəhbərliyinə təqdim edəcəyik. Gələcəkdə hansı addımların atılmasının mümkün olduğunu müəyyənləşdirməliyik. İstəyirik ki, I divizionun səviyyəsini artıraq”.
MK sədri görüşdükləri I divizion klublarının 2016-2017 mövsümündə Premyer Liqada iştirak etmək üçün lisenziya problemini həll etmədiklərini bildirib: “Lisenziya məsələsinə də toxunduq. 7 klubun arasında elə birisi yoxdu ki, bunu tam şəkildə həyata keçirsin. Hamısı problemi yoluna qoymaq üçün vaxt istəyir. Bəziləri 3-5 aşağı yaş qruplarının yaradılmasına başlayıblar. Amma inanmıram ki, az müddətdə lisenziya ilə bağlı bütün məsələləri həll edə bilsinlər. Bu sözüm yalnız görüşdüyümüz 7 kluba aiddi”.
Məşqçilər Komitəsi digər 7 klubun nümayəndələri ilə aprelin 29-da bir araya gələcək. Sadıqov qalan 7 klubdakı vəziyyətlə məhz həmin görüşdə tanış olacaqlarını dilə gətirib: “I divizionda çıxış edən paytaxt klubları, bir də “Neftçala” və “Şahdağ”ın rəhbərliyi, məşqçiləri ilə ayın 29-da “Bakı”nın bazasında görüşümüz nəzərdə tutulub. Onların lisenziya problemini həll edib-etmədiklərini isə həmin görüşdən sonra biləcəyik”.