Əfsanəvi fransalı futbolçu Tyerri Anri Çempionlar Liqasında 1/4 final mərhələsinin cütlüklərini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, o, bu mərhələnin ən maraqlı cütlüyü sayılan PSJ - “Mançester Siti” mübarizəsi barədə fikirlərini bildirib.
Anrinin fikrincə, 1/8 finalda “Çelsi”ni yarışdan kənarlaşdıran PSJ İngiltərənin digər təmsilçisi önündə də favoritdi: “Çempionlar Liqasındakı “Mançester Siti” Premyer Liqadakı komanda deyil. Onlar bu iki turnirdə fərqli oyun göstərirlər. Çempionlar Liqasında İngiltərə klubuna Serxio Aquero, David Silva, Yaya Ture kimi liderlərin yüksək səviyyəli çıxışı lazım olacaq. PSJ isə “Çelsi” ilə matçları üstün keçirdi, layiqli qələbə qazandı. Mən hesab edirəm ki, “Mançester Siti” PSJ ilə oyunlarda topsuz qalacaq. Bunun baş verməməsi üçün baş məşqçi Manuel Pelleqrini fərqli taktika seçməlidi. Ən əsas məsələ böyük futbolçuların formada olmasıdı”.
Qeyd edək ki, PSJ ilə "Mançester Siti" aprelin 5-i və ya 6-da Fransada, bundan bir həftə sonra isə İngiltərədə üz-üzə gələcəklər.