“Mançester Siti” yay fasiləsində ikinci transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi bu dəfə qapı xəttini gücləndirib.
Bir neçə gün əvvəl “Monako”dan 50 milyon avro müqabilində Bernardo Silvanı transfer edən “şəhərlilər” bu dəfə “Benfika”nın qolkiperi Edersonu heyətinə qatıb. Portuqaliya təmsilçisi rəsmi saytı vasitəsilə 24 yaşlı oyunçunu 40 milyon avroya satdığını bəyan edib. Lakin bu məbləğin yarısı “Benfika”ya çatacaq. Pulun qalan hissəsi braziliyalının ilk klubu “Rio Ave” və agentlik kampaniyasına veriləcək.
Ederson bununla dünya futbol tarixinin ən bahalı ikinci qapıçısı olub. Siyahıya 2001-ci ildə “Parma”dan 53 milyon avro qarşılığında “Yuventus”a keçən Canluici Buffon başçılıq edir.
Qeyd edək ki, Ederson ötən mövsüm “Benfika”nın heyətində 39 qarşılaşmada çərçivəni qoruyub və qapısında 26 top görüb.