“Monako”nun hücumçusu Kilian Mbappe gələn mövsümdən “Real”ın formasını geyinməyə çox yaxındı. Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, tərəflər arasında artıq razılıq əldə edilib.
Belə ki, xəbərdə “kral klubu” rəsmilərinin Fransaya gedərək 18 yaşlı forvardın ailəsi ilə görüşdüyü və onları bu keçidə razı saldığı bildirilib. Mbappe özü də karyerasını “Real”da davam etdirməkdə maraqlıdı. Oyunçunun fikrini qətiləşdirməsinin əsas səbəbi kimi həmyerlisi Zinəddin Zidanın onu komandasında görməkdə israrlı olması göstərilir. Mbappe ilə ortaq məxrəcə gələn madridlilər artıq “Monako” rəhbərliyi ilə danışıqlara start veriblər.
Qeyd edək ki, bir müddət əvvəl “Mançester Yunayted”in 85 milyon avroluq təklifini qəbul etməyən “Monako” bu keçid üçün 120 milyon avro tələb etmişdi.